Qərb dövlətləri Rusiya Federasiyası ilə müharibə zamanı Ukraynanı dəstəkləməkdən yorulub və münaqişənin hansısa formada həllinə ümid edirlər.
Editor.az bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın 15-də “Financial Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu yorğunluq “həqiqidir və getdikcə artır”.
Xarici işlər naziri eyni zamanda Qərb ölkələrindəki həmkarlarını Ukraynaya dəstək vermək üçün səylərini artırmağa çağırıb.
Valtonenin fikrincə, Yaxın Şərqdəki münaqişə Qərbin diqqətini yayındırır. Nazir bildirib ki, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası zamanı müzakirələrdə əsas məqam məhz bu mövzu olub. O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki münaqişə bir-biri ilə sıx bağlıdır, lakin Qərbin anlaması vacibdir: əgər Qərb Rusiya Federasiyasının müharibədə qalib gəlməsinə imkan versə, bu, onun qarşısının alınması tədbirlərinə inamı sarsıdacaq. “Ukraynaya dəstək var, amma bu, nə qədərdir, sual budur”, – deyə Valtonen əlavə edib.
Onun sözlərinə görə, “olduqca çox” ölkələr, xüsusən də Yaxın Şərqdə müharibə ehtimalını nəzərə alaraq, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı “müharibəyə cavab tapmaq yaxşı olardı” deyə düşünmək istəyir.
//Samir Qurbanov, Editor.az

