“Ukraynaya getdikcə dəstək azalır. Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın ən böyük məqsədi ondan ibarət idi ki, Ukrayna ilə Rusiya arasında müharibəni gerçəkləşdirsinlər və onların planı alındı”.
Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, indiki proseslərdə yəni döyüşlərin intensivləşməsində artıq Qərb də anlayır ki, Ukraynaya dəstəyin arxasında böyük itkilər durur: “ Çünki Ukrayna dövlətinin iqtisadiyyatı tənəzzülə uğrayır. Sonra borc qaytarmaq, silah-sursat almağa pulu çox məhduddur. Bu gedişlə anlayırlar ki, Ukraynaya tutarlı dəstək verə bilməyəcəklər.
Bu prosesdə siyasi motiv iqtisadi motivi üstələyirdi. Amma indi proses uzandıqca Qərb, Avropa ölkələri anlayır ki, bu yükün qarşısında aciz ola bilərlər. Bu birinci amildir. İkinci amil isə ondan ibarətdir ki, Rusiyanın hətta passiv müdafiə olunması şəraitində belə Qərbin qarşısında çox böyük dilemmalar durur. Bu dilemmalar ondan ibarətdir ki, qış fəsli yaxınlaşdıqca qaz ixracının azalması Avropaya çox böyük bəlalar gətirə bilər. Bəli, onlar qazı tapacaqlar. İstər sıxılmış qaz, istərsə də təbii qazı əldə edə biləcəklər, amma onların qiymətləri elə bir səviyyəyə çatacaq ki, Qərb dövlətləri iqtisadi baxımdan bunun qarşısında sözün əsl mənasında bükülə bilərlər”. Politoloqun fikirlərinə görə, Qərb anlayır ki, Rusiyanı tərk-silah etmək alınmır: “ Digər tərəfdən Rusiya öz məqamından dönmür, deməli bir çıxış yolu tapmaq lazımdır. Qərb yenə də riyakarlıq edir. Rəcəb Tayyib Ərdoğanın vasitəçilik yaratmasına Qərbin qısqanclığı özünü biruzə verir. Bu ondan xəbər verir ki, özləri bacarmadığını istəmirlər ki, Türkiyə etsin. Amma Türkiyənin rəhbəri də çox böyük həvəslə istəyir ki, Moskva və Kiev arasında ünsiyyət yaratsın.
Ortada olan ixtilaflar aradan qaldırılsın. Çünki bu proses uzandıqca onun fəlakətləri, itkiləri artacaq”. T.Abbasov bildirir ki, məsələ tək Rusiya və Ukraynanın itkilərindən, bəlalarından getmir burada əsas məsələ dünya iqtisadiyyatı, qlobal sistemin artıq şok vəziyyətə düşməsidir: “ Çünki məhz Ukrayna böhranı ətrafında indi qloblal iqtisadiyyatda tənəzzül meyillə güclənir. Digər dövlətlərin də neqativ təsirləri artmaqdadır. Bu proseslərin qarşısını almaq üçün Qərb anlayır ki, bu işə başqa bir baxış bucağından yanaşmaq lazımdır ki, vəziyyət daha da kritik bir xəttə doğru hərəkət etməsin. Faktiki olaraq burada ən çox itirən Ukrayna olacaq elə indi də itirə-itirə gedir. Çünki istənilən halda bu müharibədən qaçmaq lazım idi. Rusiyanın daxilində də radikal meyilli qruplar var. Onlar Ukraynanın faşizm ideologiyasına qulluq etməsində elə bir məqamı tapdılar ki, onu özləri üçün xüsusi əməliyyat aparmaq üçün bəhanə kimi istifadə etdilər. Əslində Ukrayna xalqının bütövlükdə faşizmə simpatiya göstərməkdə ittiham etmək olmaz. Bu ümumiyyətlə, düzgün deyil. Amma bu bəhanədən Rusiya istifadə etdi. Ona görə də indi bu proses uzanır və uzandıqca da dünya iqtsadiyyatına qlobal şokun təsiri də artır. Bu baxımdan ən yaxın zamanlarda sülh danışıqlarına yer verilə bilər. Türkiyə prezidentinin də göstərdiyi fəallıq öz təsirini verəcək”.
//Safura Bənnayeva, Editor.az

