“Cənubi Qafqazda sabitliyə ən böyük təhdid ABŞ, Avropa Birliyi və Fransanın Rusiyaya qarşı region uğrunda apardığı mübarizədir. Həm Rusiya, həm də Qərb hazırda Cənubi Qafqazda sülhə, sabitliyə ən böyük təhdid rolunu oynayır”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda bütün xalqların dinc şəraitdə yaşama şansı o vaxt baş verə bilər ki, həm Rusiya, həm də Qərb bu regiondan öz əlini çəksin:
“Çünki regionun taleyi region ölkələri və xalqları tərəfindən həll olunur. Qərbin və Rusiyanın geopolitik maraqları bu regionu qarışdırmaqda davam edir. Gürcüstanda baş verən hadisələr də bunu növbəti dəfə təsdiqləyir. Gürcüstanda Qərbin və Rusiyanın maraqları kəskin şəkildə toqquşur. Hazırda ABŞ, Avropa Birliyi və Fransa ölkədə qərbyönümlü hakimiyyət yaratmağa çalışırlar. Ona görə də mövcud hakimiyyəti Gürcüstan vətəndaşlarının əli ilə devirməyə çalışırlar. Ancaq hələ ki, mövcud hakimiyyət duruş gətirməyi bacarır.
İndiki situasiya hələ ki, onu göstərir ki əgər Qərbin qrant agentura şəbəkəsi Gürcüstan hakimiyyətinə qarşı etiraz dalğasını bir qədər də gücləndirərsə, o zaman Gürcüstan üçün daha təhlükəli bir dövr başlaya bilər. Gürcüstan hakimiyyəti situasiyanı nəzərə almaq üçün hadisələri nəzarət altına almağı düşünür. Ölkəyə nəzarət daha da sərtləşdirilə bilər. Bu halda da Gürcüstanda qrant agenturasının etiraz dalğasının nisbətən zəifləmə ehtimalı gözlənilir. Belə anlaşılır ki, Gürcüstanın əsas günahı ondan ibarətdir ki, ABŞ, Avropa Birliyi və Fransanın istəklərini yerinə yetirmir, ona görə də hakimiyyəti cəzalandırmaq istəyirlər. Ölkəni qarışdırıb qərbin geopolitik müstəmləkəsinə çevrilməyə razılaşacaq bir qərbyönümlü hakimiyyət yaratmaq istəyirlər. Ancaq Qərbin buna nailolma ehtimalı da zaman keçdikcə zəifləyir”.
//Gülnarə Abasova, Editor.az

