“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaxın vaxtlarda baş tutacaq çox gözlənilən görüş ciddi əhəmiyyət daşıyır. Çünki hər iki ölkənin bir sıra məsələlərlə bağlı qarşılıqlı öhdəlikləri var. Hətta rəqib olduqları sahələrdə belə bir-biriləri ilə rahat şəkildə anlaşa bilirlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Onun sözlərinə görə iki ölkə Prezidenti arasında müzakirə olunacaq ən əsas məsələlərdən biri son aylarda Qərbin Türkiyə üzərində formalaşdırdığı təzyiqdir:
“Belə ki, Qərb Türkiyəni İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyə məcbur edir, Rusiyaya qarşı sanksiya qoymağa, daha sərt mövqedə durmağa çağırır. Bundan xəbərdar olan və küncə sıxışan Rusiya görünür, məcbur olub Türkiyə ilə əlaqələri gücləndirəcək ki, onu Qərbə qarşı qoya bilsin”.
T. Rzayev Taxıl Sazişinin uzadılması məsələsinə də diqqət çəkib:
” Bu Saziş Ərdoğanın şəxsi uğuru hesab olunurdu.Türkiyə bununla Qərblə Rusiya arasında vasitəçi, Qara dənizdə söz sahibi olduğunu göstərdi. İndi isə Sazişin bitməsi həm Türkiyə, həm də Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzuna zərbə oldu. Ancaq Rusiyanın bu planı tam olaraq baş tutmur. Çünki mediada gedən məlumatlara görə bu yaxınlarda bir neçə Türkiyə gəmisi Odessadan taxıl aparıb və Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayıblar. Hətta Rusiya bununla bağlı bəyanat vermişdi ki, onları “düşmən gəmisi” bilib vura bilərlər. Eyni zamanda, Ukrayna indiyə qədər Polşa üzərindən müəyyən qədər taxıl daşıyırdısa, yeni anlaşmaya görə, Ukrayna çalışır ki, Rumıniya ərazisindən Dunay çayı ilə gəmilərlə əks istiqamətdə daşınmanı həyata keçirtsin və taxıl Avropada boşaldılsın. Əgər bu baş tutsa, Rusiyanın taxıl sazişindən çıxmasının heç bir əhəmiyyəti qalmır. Ona görə də Vladimir Putin müxtəlif yollarla həyata keçirilə bilən bu Taxıl Sazişində öz simasını qorumaq üçün Türkiyə ilə davam etsə onun üçün daha faydalı olar”.
//Gülnarə Abasova, Editor.az