Qərb Ukraynanı alətə çevirib, Tramp isə bu reallığı üzə çıxarır-ŞƏRHbackend

Qərb Ukraynanı alətə çevirib, Tramp isə bu reallığı üzə çıxarır-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya siyasətində balanslar yenidən dəyişir. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi Qərbin Ukraynaya yanaşmasında ciddi dönüş nöqtəsi yaradıb. Trampın ritorikası və qərarları fonunda Qərbin “dəyərlər” üzərindən qurduğu siyasi sistemin nə qədər ziddiyyətli olduğu daha aydın görünməyə başlayıb. Yeni mərhələdə Vaşinqtonun Kiyevə münasibəti həm Ukraynanın döyüş qabiliyyətinə, həm də müharibənin gələcək trayektoriyasına birbaşa təsir göstərir.

Məsələ ilə bağlı politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ukraynanın Qərbin əlində alətə çevrildiyi fakt Trampın hakimiyyətə gəlişi ilə daha aydın şəkildə üzə çıxıb:

“Dörd ilə yaxınlaşan müharibə fonunda Ukraynaya göstərilən dəstək Qərbin elan etdiyi dəyərlərə və beynəlxalq hüququn prinsiplərinə adekvat olmadı. Onlar çox danışdılar, amma az iş gördülər. Ukraynaya vəd edilənlərin yalnız cüzi hissəsi yerinə yetirildi”.

Azər Qasımovun sözlərinə görə, Donald Tramp bu münasibətlərdə tamamilə fərqli mövqe sərgiləyib:

“O, bu müharibənin onun müharibəsi olmadığını açıq bəyan etməklə Qərbin ikiüzlülüyünü üzə çıxardı. Trampın Putinə qarşı ciddi təzyiq göstərəcəyini heç kim gözləmir. O, sadəcə siyasi oyun aparır – gah dost, gah düşmən obrazı yaradaraq zaman qazanır. Çünki gözləyir ki, Rusiya müəyyən uğur qazansın, Ukrayna kapitulyasiyaya məcbur olsun və o, bu prosesdə vasitəçi kimi çıxış edib Nobel sülh mükafatı iddiasını reallaşdırsın”.

Ekspert hesab edir ki, Tramp indi də eyni ssenarini ikinci dəfə oynayır:

“Bu vəziyyət dəyişməyəcək. Tramp bu müharibəyə açıq şəkildə qoşulmaq istəmir, çünki onun prioritetləri fərqlidir. Bu, təbii olaraq Ukraynanın döyüş qabiliyyətinə mənfi təsir göstərir. Lakin Ukrayna artıq öz hərbi sənaye kompleksini inkişaf etdirmək istiqamətində addımlar atır və bu, onların müəyyən uğurlar qazanmasına şərait yarada bilər. Nəticədə Kiyevə olan təzyiqlər də müəyyən qədər azalacaq”.

Siyasi analitikin fikrincə, Qərb bu müharibəni Ukrayna üçün deyil, öz maraqları üçün uzadır. Tramp isə bunu açıq şəkildə nümayiş etdirir:

“O, ABŞ-ın daxili iqtisadi sabitliyini və seçki planlarını prioritet sayır. Buna görə də müharibəni bitirmək istəmir, amma Ukraynaya real dəstək də vermir. Bu, Ukraynanı həm siyasi, həm də hərbi baxımdan çətin vəziyyətdə saxlayır”.

Politoloqun sözlərinə görə, müharibənin gələcək mərhələsində Ukraynanın öz gücü və texnoloji imkanları əsas həlledici faktor olacaq.

//Gülnarə Abasova, Editor.az