“Müharibənin başlamasından artıq 100 gün keçib. Rusiya ilkin dövrdə elan etdiyi maksimal planları həyata keçirə bilmədiyi üçün artıq 2-ci fazada minimal plan uğrunda mübarizə aparır. Minimal plan isə Ukraynanın şərqini işğal etmək, Krıma quru yolu təmin etmək, Qara dənizdə mövqeləri gücləndirmək və əlbəttə ki, dünya nizamında supergüc ölkə imicini itirməməkdir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, müharibənin başlamasında əsas məqsədlərdən biri elə beynəlxalq münasibətlər sisteminin dəyişdirilməsi, major güclərə öz varlığını qəbul etdirmək olub:
” Hər kəsə məlumdur ki, bu savaş əslində Rusiya və ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb arasında gedir. Müharibənin gedişatı, amerikalı siyasət adamlarının ifadələri də göstərdi ki, Qərb Ukraynanın ərazi bütövlüyünün təminatında deyil, Rusiyanın zəiflədilməsində maraqlıdır. Belə olmasaydı, öncədən Ukraynaya hücum silahları, hava hücumundan müdafiə raketləri verilmiş olardı, Yuqoslaviya savaşında olduğu kimi NATO Ukrayna hava məkanını bağlayardı, Rusiya mövcud olduğu aparıcı platformalardan çıxarılardı, hələ də BMT TŞ 5 daimi üzvündən biri olmazdı. Bütün bunlar göstərir ki, hadisələrin gedişi Rusiyanın iqtisadi, siyasi, hərbi baxımdan iflası aparıcı plandır. Bu plan icra olunanadək isə Ukrayna qurban rolunda çıxış edəcək.
Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsi də Ankaranın bütün bu planlardan kənarda olduğunu, NATO üzvü olmasına baxmayaraq müstəqil xarici siyasət yürütdüyünü, milli maraqları tələb edərsə, Moskva ilə birgə addımlaya biləcəyini göstərir. Unutmaq olmaz ki, bu əməliyyat Türkiyənin 2016-cı ildən bəri sayca 5-ci əməliyyatıdır və yeni yaranan bir məsələ deyil. Ərdoğan PKK terrorçularının sərhəd ətrafında varlığına son qoymağı hədəfləyib və bu yolda hansı güclərlə maraqlarının toqquşduğu onu hədəflərindən çəkindirmir”.
//Gülnarə Abasova, Editor.az

