Almaniya kansleri Fridrix Merz bildirib ki, Qərb ölkələri bir neçə ay əvvəl Ukraynaya tədarük edilən uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
O, bir gün əvvəl Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-ın bu məhdudiyyətləri ləğv etdiyini açıqlamışdı. Kansler Finlandiyanın baş naziri Petteri Orpo ilə bugünkü mətbuat konfransında məsələni yenidən gündəmə gətirib.
Merzin sözlərinə görə, Ukrayna öz tərəfdaşlarından aldığı silahları Rusiya ərazisindəki hərbi hədəflərə qarşı istifadə etmək hüququna malikdir: “Mənzil məhdudiyyətlərini tətbiq edən ölkələr bu şərtlərdən çoxdan imtina ediblər” – deyə o, aydınlaşdırıb. “Ona görə də dünən Berlində bir neçə ay əvvəl baş verənləri təsvir etdim”, – Merz deyib.
//Samir Qurbanov, Editor.az