“Bu kimi bəyanatlar verilməsi ilk dəfə deyil. Daha öncə Ukrayna prezidentinin keçmiş müşaviri Aleksiy Arestoviç də eyni fikirləri səsləndirmişdi. Hesab edirəm ki, bunun ciddi əsası yoxdur. Etibarlı mənbə tərəfindən belə məlumatlar verilməyib”.
Bunu Editor.az-a Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Ukraynalı jurnalist Dmitri Qordonun “Qordon” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində “Qərb Kiyevə ilin sonuna qədər vaxt verib. Ukrayna o vaxta qədər nə qazansa, ona məxsusdur, geri qalanlar isə danışıqlar masasında müzakirə olunacaq”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya artıq işğal etdiyi ərazilərdə güclənib: “Bu aylar ərzində müdafiə sədlərini də qurub. Çünki hərkəs gözləyirdi ki, Ukrayna bu ilin yay aylarında əks-hücuma keçəcək. Ruslar da buna qarşı tədbirlər görmüşdülər. Rəsmi Kiyevin başladığı bu əməliyyat çox ağır keçir. Çünki hər tərəf tamamilə minalanıb “.
Azər Qasımlı bu ilin sonuna qədər Ukraynaya vaxt verildiyini düşünmür: “Tam əksini düşünürəm ki, müharibə hələ bir qədər də uzanacaq. Böyük ehtimal gələn ilin yayına qədər bəlkə də daha uzun müddət davam edəcəyi gözlənilir. Lakin Qərb də istəyir ki, müharibə tez bitsin. Çünki onların da daxilində bəzi problemlər var. ABŞ-da gələn il prezident seçkiləri keçiriləcək. Bayden administrasiyası bu müharibənin Ukrayna qələbəsi ilə seçkilərdən əvvəl bitməsini istəyir və bu istiqamətdə də lazımi tədbirlər görüləcək. Bu gün bir sıra ölkələr Ukraynadan gedən miqrantlardan əziyyət çəkirlər. Müharibə olduğu üçün dünyada müəyyən mənada iqtisadi böhran var “.
Onun fikirlərinə görə, Qərb ölkələri Ukrayna qalib olmadan masaya oturmağın mənası olmadığını da anlayırlar: “Çünki bu halda Rusiya qalib gələcək və dünya sistemi tamamilə dəyişmiş olacaq. Hüququn heç bir mənası qalmır. Yəni hansı ölkə güclüdürsə, başqa ölkəni işğal edə və heç kim də buna qarışa bilməz. Düşünürəm ki, Qərb müəyyən strategiya üzərində irəliləyir və uzunmüddətli müharibəyə hazırlıqlar görülüb “.
//Safura Bənnayeva, Editor.az

