“Qərb vədlər verdiyi dövlətlərin, eləcə də Ermənistanın dostu deyil, Rusiyanın isə düşmənidir”- ŞƏRHbackend

“Qərb vədlər verdiyi dövlətlərin, eləcə də Ermənistanın dostu deyil, Rusiyanın isə düşmənidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarixi fundamentalizm, faktlar və baş verən hadisələrə münasibətdə müxtəlif istiqamətdə verilən reaksiyalar, səsləndirilən fikirlər olsa da reallıqların nəticəsi bunu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan arasında irəliləyiş ləng getsə də dayanmır. Yeganə qızıl qayda odur ki, güclü olmalıyıq. Burada isə gücün sadəcə sərt elementi başa düşülməli deyil, mövcud amil hərtərəfli, konseptualoji baxışdan ibarət olmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Ermənistanı sülhə gəlməkdən yayındıran məqam həm Qərbin regiona Ermənistan vasitəsilə möhkəmlənməsi istiqamətində ondan alət kimi istifadəsidirsə, digər yandan da Paşinyanı təşvişə salan amil məsələlər həll edildikdən sonra Azərbaycanın təzminat tələbi ilə edəcəyi çıxışdır:

“Bu baxımdan Paşinyan “Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır” ritorikası ilə çıxış edir. Paşinyanın ziqzaqvari açıqlamalarının kökündə şəxsi aqibəti də dayanır. Regiondan tamamilə kənar tutulan Fransa süni şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Nikol Paşinyan da dərk edir ki, Qərbin regiondakı marağı Ermənistanın gələcəyi ilə bağlı deyil. Lakin məsələ ondan ibarətdir ki, Qərbin əli ilə hakimiyyətə gələn Paşinyan məhz həmin dairələrin ondan əvəz tələb etdiyini anlayır və buna məcburdur. Paşinyanın üzünə dəyən şillə reallıq, Rusiya faktoru, məğlubiyyətdirsə, boğazından asılan ip isə Qərbin vədləri, bu günə hesablanılan qaytarılmalı olan borcudur. Qərb vədlər verdiyi dövlətlərin, eləcə də Ermənistanın dostu deyil, Rusiyanın isə düşmənidir. Məhz bu düşmənçilikdə qalib gəlinməsi üçün Ermənistan qurbanlardan birincisi olmadığı kimi, axırıncısı da deyil”.

Ş.Həsənovanın sözlərinə görə, Ermənistana göndərilən fransız texnikası belə ikinci və üçüncü dərəcəli silahlardır:

” Hansı məntiqlə NATO üzvlüyündən, Avropa İttifaqı üzvlüyündən söhbət gedir? Hər iki təsisatın üzvləri arasında onların perspektivləri haqqında kifayət qədər skeptik yanaşmalar, tərəddüdlər mövcuddur. Məsələ ondan ibarətdir ki, beynəlxalq nizamın formalaşdırılmasında məhdud resursların bölgüsü gedir. Bu nizamdan öncə bütün vasitələrə əl atılır ki, dövlətlərin, xalqların aqibəti haqqında məzmun formalaşdırılsın. Bu prosesdə təşəbbüskar, müşahidəçi və tabe tərəflər mövcuddur. Azərbaycan təşəbbüskar ölkədir, görünən odur ki, Ermənistan nəinki müşahidəçi, heç tabeçilikdən yenə də xilas ola bilmir. Qərbin məqsədi sadəcə Rusiyanı zəiflətmək deyil, hətta belə olacağı təqdirdə İranın regionda nüfuzunun qalxmasına da məhdudlaşmalar gətirməkdir. O məqamda isə Türkiyənin güclənməsi sürətlənəcək, ardını da sadə məntiq diktə edir. “31 kənd” əfsanəsinin yayılması Ermənistan üçün sərfəli manevr metodu idi. Hansı erməni kəndinin “tam işğal olunduğunu”, bu da təbii ki, olmayan yerdə, hansının “qismən işğal olunduğunu” çox az adam anlayacaqdır. Ermənistan rəhbərliyi ümid edirdi ki, dünya mediası işğal olunmuş Azərbaycan kəndləri ilə bağlı vəziyyətə göz yumaraq, 31 sərhəd erməni kəndinə münasibətdə “işğal” ifadəsi ilə məhdudlaşacaq. Azərbaycanın kəndlərə olan hüquqları isə danılmazdır və dünya tərəfindən tanınır. Hələ də nəyəsə ümid qalıbsa, onun da cavabını heç yerdə deyil, elə erməni cəmiyyətində tapmaq olar ki, erməni politoloq Suren Surenyants Qazax rayonunun 4 kəndinin geri qaytarılması tələbinin elə Berlindən dərhal sonra səsləndirildiyini vurğulayaraq, Rusiya platformasından Qərbə keçməyin belə onlara heç nə qazandırmadığı reallığını səsləndirir. Fundamental məsələlər nəinki Ermənistanın iradəsindən, heç istəyindən belə asılı deyil. Paşinyanın “Vəziyyətdən və imkanlardan çıxış etmək lazımdır” açıqlaması da göstərir ki, hər şeyin fərqindədir.

Ümumerməni təfəkkürünün həqiqiliyi yenə eynidir. Bu baxımdan Paşinyan ən yaxşı halda manevr etməyə, ən pis halda isə aldatmağa öyrəşib. Vaxt var idi kapitulyasiyanın şərtlərindən də belə danışırdı. Sadə dillə desək Paşinyan nəticənin qaçılmaz olduğunu bildiyi üçün tədricən və hissə-hissə al-verə keçib, mübadilələrə getmək istəyir. “De-yure sərhədlər”də “de-fakto reallıqlar” naminə ərazi güzəştləri ifadəsi də buna hesablanıb.

Hraparak nəşri isə bu dəfə yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin mayında Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Rusiyanın paytaxtına gedə bilər. Burda isə xatırlatmaq yerinə düşər ki, kəndlərlə bağlı məsələ də o yanda hakimiyyətə yaxın olan məhz bu mətbu orqanda yenidən aktuallıq qazanmışdı…”.

//Gülnarə Abasova, Editor.az