“İyulun 18-də İngiltərədə Azərbaycan və Ermənistan Liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də Nikola Paşinyan dialoqda iştirakdan boyun qaçırdı. İlkin ehtimallara görə, Ermənistan baş naziri Nikol Paşinyan cənab prezident İlham Əliyevlə danışıqlarda Avropa Şurasının prezidenti Şarl Mişel və mümkünsə Fransa prezidenti Emmanuel Makronun iştirakını istəyib. Bu şərtin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu anlayanda isə London danışıqlarından imtina etdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, son illər Ermənistanla Azərbaycan arasında sülh danışıqları ayrı-ayrılıqda həm Avropa İttifaqının, həm Vaşinqtonun, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb:
“Amma hər üç formatda yekun nəticə əldə edilməyib. Hazırda Qərb yekun sülh sazişi xüsusunda israrlıdır. Amma danışıqlarda vasitəçi olan tərəflər digər vasitəçilərin prosesdə iştirakını istəmir. Hazırda sülh prosesində müəyyən dinamika gözə dəysə də, İrəvanda spekulyativ ab-hava hökm sürür. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin hansı platformada imzalanacağı heç bir önəm daşımır. Əsas odur ki, ölkəmizin müəyyənləşdirdiyi şərtlər yerinə yetirilsin. Əslində erməni tərəfi də sülhün Qərbdə, yaxud Rusiyada imzalanmasının heç bir önəminin olmadığını açıqlayıb. Ancaq hazırda İrəvan–Moskva münasibətlərindəki gərginlik son otuz ildə özünün ən yüksək fazasına qədəm qoyub. Bakı isə həm Qərblə, həm də Rusiya ilə balanslı siyasətinə sadiqdir və hər zaman sadiq qalıb. İrəvan özü də asılı olduğu üçün sülhlə bağlı mövqeyini açıq ifadə edə bilmir. Ermənistandan fərqli olaraq Azərbaycan balanslı xarici siyasətinə və uzaqgörən prinsipli mövqeyinə güvənərək sülhlə bağlı nikbin mövqedən çıxış edə bilir”.
//Gülnarə Abasova, Editor.az

