QƏRBDƏN RUSİYAYA QARŞI ARD-ARDA SANKSİYALAR – Putinin yaxın ətrafının milyardları dondurulur…backend

QƏRBDƏN RUSİYAYA QARŞI ARD-ARDA SANKSİYALAR – Putinin yaxın ətrafının milyardları dondurulur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynada separatçı, qondarma “dnr” və “lnr”-i dövlət kimi tanıdıqdan və ölkə ərazisinə hərbi qüvvələr yeritdikdən dərhal sonra Qərb Moskvaya qarşı sanksiya paketlərini açıqladı.

İlk açıqlama ABŞ-dan gəldi. Prezident Co Baydenin imzaladığı sərəncama görə, Rusiyanın iki böyük bankı və ölkənin suveren borclarına qarşı sanksiya tətbiq edildi.

Bu o deməkdir ki, Rusiya artıq Qərbdən pul cəlb edə və ABŞ və ya Avropa bazarlarında yeni borclarla ticarət apara bilməz.

 

 

Bayden daha sonra bildirib ki, bu gündən etibarən ABŞ Rusiya elitasına və onların ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq ediləcək.

Xatırladaq ki, ötən həftə “Vaşinqton Post” qəzeti V.Putinin yaxın ətrafından sanksiya tətbiq ediləcək 35 nəfərin siyahısını yaymışdı.

Avropa İttifaqının (Aİ) sanksiyalar paketi isə daha genişdir.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyan edib ki, sanksiyalar “lnr” və “dnr”-in tanınmasına səs verən Rusiya Dövlət Dumasının 351 üzvünə və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxslərə şamil olunacaq.

 

 

Aİ-nin sanksiyaları həmçinin siyasi, hərbi, biznes və media sektorlarını da əhatə edəcək. Eyni zamanda separatçı bölgələrlə Aİ arasında iqtisadi əlaqələr, Rusiya şirkətlərinin Aİ-nin kapital və maliyyə bazarlarına çıxışları məhdudlaşdırılacaq. C. Borrell deyib ki, bu birinci addımdır, davamı olacaq.

 

 

Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ən sərt mövqedə dayanan Böyük Britaniya Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiyalar tətbiq edib. Bundan başqa Putinə ən yaxın oliqarxlardan Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivləri dondurulub.

Almaniya kansleri Olaf Şolz isə xalqa müraciət edərək, Rusiyanın çəkdiyi “Şimal axını-2” qaz layihəsinin dayandırıldığını bildirib və əhalini qiymət bahalaşmasına hazır olmağa çağırıb.

Xatırladaq ki, bu bəyanatdan sonra Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev  Avropada 1000 kub metr qazın 2000 avroya qalxacağını anons edib.

Qeyd edək ki, bu qadağaların daha da genişlənəcəyi gözlənilir. Çünki, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Qərbə dəstək verən, Yaponiya, Sinqapur, Yeni Zellandiya, Tayvan kimi ölkələr növbəti mərhələdə Rusiyaya daha əhatəli sanksiyalar tətbiq olunacağını bəyan ediblər.