“Zəngəzur dəhlizinin Rusiya və İranın nəzarəti altında olması Amerika və onun Avropadakı müttəfiqləri tərəfindən qəbul edilməzdir. Çünki bu dəhliz ABŞ-ın illərdir zəhmət çəkib Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyaların nəticələrini sıfıra endirir”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq Zəngəzur dəhlizinin iki dövlətin arsenalında Qərbə qarşı oynanılacaq ən effektli silah səciyyəsi daşıdığına diqqət çəkib:
” ABŞ-ın bu dəhlizin Rusiya və İrana xidmət etməsinə qarşı çıxması dəhlizin ümumiyyətlə açılmayacağı anlamına da gələ bilməz. ABŞ-da başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcəklər. Çünki dəhlizin açılmaması alternativ və İranla Rusiya üçün daha əlverişli olan nəqliyyat yolunun işə düşməsi ilə nəticələnəcək. Belə olan halda ABŞ məcburiyyət qarşısında qalaraq Türkiyəni önə çıxarır və bu məsələdə onunla hesablaşır. ABŞ əslinə qalsa heç Türkiyənin də regionda daha da güclənməsini arzulamazdı. Çünki Türkiyənin güclənməsi Rusiya və Amerikanın nüfuzu hesabına başa gəlir. Buna beynəlxalq münasibətlərdə “sıfır məbləğli oyun” da deyirlər. Bir dövlətin zəifləməsi digər dövlətin güclənməsi ilə nəticələnir. Deməli Zəngəzur dəhlizi ya Rusiya və İranın, ya da Türkiyə ilə birlikdə Azərbaycanın nəzarəti altında olacaq. ABŞ ikinci varianta üstünlük vermiş kimi görünür, təbii ki, məcburiyyət qarşısında qalaraq…”.
//Gülnarə Abasova, Editor.az

