Qərbin Cənubi Qafqaz PLANLARI: “İkinci cəbhəni Ermənistan üzərindən açmağa çalışırlar”backend

Qərbin Cənubi Qafqaz PLANLARI: “İkinci cəbhəni Ermənistan üzərindən açmağa çalışırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə anlaşılır ki, ABŞ, Qərb, Avropa Birliyi və onun timsalında Fransa Cənubi Qafqazda Ukrayna savaşına ikinci cəbhə açmaq niyyətinə düşüblər. Bu, ikinci cəbhəni də Ermənistan üzərindən açmağa çalışırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Rusiya və Qərb arasındakı əsas toqquşmaların digər istiqaməti məhz Cənubi Qafqazda və konkret olaraq Ermənistan ərazisində baş verəcək:

“Əsas məqsədlərdən biri regionda Qərbin, ilkin mərhələdə Fransanın hərbi kontingentinin yerləşdirilməsidir. Ardınca da ola bilər ki, NATO hərbi bazası da Ermənistan ərazisində yerləşdirilmiş olsun. Ancaq indiki situasiyada əsas qarşıdurmalar Zəngəzur dəhlizi uğrunda gedir. Qərb dəhlizə nəzarəti ələ keçirtmək istəyir. Bu məsələ də bir çox önəmli məqamlar mövcuddur. Birincisi, Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında vacib nəqliyyat kommunikasiya xəttinə çevrilə bilər və bu xətt ilə 10 milyardlarla dollar həcmində maliyyə dövriyyəsi gözlənilir. Ona görə də hər kəs bu maliyyə dövriyyəsindən öz payını qopartmağa can atır. Eyni zamanda, Qərb siyasi dairələri dəhlizə nəzarəti ələ keçirtməklə onu “uran yolu”na çevirmək niyyətinə düşüb. Yəni, Fransanın Cənubu Qafqazdakı bütün davranışları məhz öz maraqları çərçivəsində baş verir. Burada ermənipərəstlik rol oynasa da bu, ilk sırada rol alan faktor deyil. Bütün bunları nəzərə aldıqda Azərbaycana qarşı təzyiqlərin səbəbləri təxminən məlum olur. Çünki Azərbaycan Fransaya ermənipərəst mövqeyinə görə uranı öz ərazisindən daşımaq icazəsi vermək niyyətində deyil. Buna görə fransız siyasi dairələri Zəngəzur dəhlizinə nəzarəti ələ keçirib Azərbaycana təzyiqləri daha da gücləndirmək niyyətinə düşüblər. Yəni, hazırda Cənubi Qafqazda gedən proseslərin, qarşıdurmaları intensivləşdirən bir çox səbəblər, faktlar mövcuddur. Əsas səbəb isə Rusiyaya qarşı regionda ikinci cəbhənin açılmasıdır. Hesab olunur ki, Rusiyanın cənub sərhədlərində Cənubi Qafqaz kimi önəmli bir strateji coğrafi məkanı ələ keçirtməklə, bölgədən kənarlaşdırmaqla ona əlavə problemlər yarada bilərlər. Başqa hədəf isə Orta Asiyadır. Orta Asiyanı da Rusiyanın nəzarətindən çıxartmaq planları da aktivdir”.

E. Xalidbəylinin sözlərinə görə, baş verən proseslərdə Azərbaycanın mövqeyi yalnız 2020-ci il üçtərəfli bəyannaməsinin icrasına söykənir:

“Ermənistanın artıq imtina etdiyi üçtərəfli sənəddə isə Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarəti nəzərdə tutulub. Yəni, faktiki olaraq Ermənistanın qərb düşərgəsinə daxil etdikləri ilə bağlı mesaj verirlər. Qərb Ermənistan üzərində hərbi-siyasi qarşıdurma mühiti yaratmağa çalışır. Bu proseslərin hansı nəticələr verəcəyinin yaxın gələcəkdə şahidi olacağıq. Ancaq əmin ola bilərik ki, rəsmi Bakının Azərbaycanın maraqlarının müdafiə olunması məsələsində israrlı mövqe tutacağı qətiyyən şübhə doğurmur”.

//Gülnarə Abasova, Editor.az