“Ermənistanın sülhdən uzaqlaşaraq silahlanmaya güc verməsi Nikol Paşinyan hakimiyyətinin əsas məqsədini açıqlayır. Çünki sülh müqaviləsi ilə bağlı demək olar ki, bütün maddələrin razılaşdırıldığı və yerdə qalan iki maddənin də icra olunması üçün bir çətinlik olmadığı halda Fransadan, Yunanıstandan, Hindistandan və digər mənbələrdən silahlar alır və son günlər hərbi birləşmələrini işğal altında olan Kərki kəndində cəmləşdirdiyini müşahidə edirik”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Qərbin dəstəyindən ruhlanan Paşinyan ölkəsini revanşizmə hazırlayır və xalq arasında itirilmiş nüfuzunu bərpa etmək üçün kiçik də olsa bir əməliyyat keçirib uğur qazanmaq niyyətindədir:
“O cümlədən, Qərbin dəstək verməkdə məqsədi isə döyüş əməliyyatlara başlatmaqla danışıqlar prosesində Ermənistana kiçik də olsa hər hansı bir üstünlük qazandırmağa çalışmasıdır. Təbii ki, Qərbin və Ermənistanın bütün cəhdləri yersizdir. Çünki onların qarşısında döyüş meydanında özünü təsdiq etmiş peşəkar Azərbaycan Ordusu dayanıb. Əgər Ermənistan öz ərazisindən ölkəmizə atəş açsa, həmin atəş nöqtəsinin harada yerləşməsindən aslı olmayaraq bizim üçün legitim hədəf hesab olunacaq və məhv ediləcək. Bu da Ermənistanı döyüş poliqonuna çevirəcək və erməniləri böyük faciə ilə üzləşdirəcək.
Bu baxımdan Paşinyan və onun hakimiyyəti yaxşı düşünməli və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tələsməlidir. Azərbaycanın Ermənistan ərazisində məqsədləri yoxdur. Sadəcə bizi yenidən müharibəyə məcbur etsələr, Ermənistanın demilitarizasiya edilməsi üçün hərəkətə keçməyə məcbur olacağıq. Beynəlxalq hüquq da bütün ölkələrə özünün suveren ərazilərinə olan təhdidlərdən müdafiə olunmasına və təhlükəsizliyini təmin edilməsinə imkan verir. Bu baxımdan heç kim ədalətli mövqeyimizə qarşı çıxa bilməz”.
//Gülnarə Abasova, Editor.az

