“Gürcüstan Cənubi Qafqazdakı proseslərdə mühüm rol oynayan ölkələrdən biridir. İstənilən halda Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı taleyində Gürcüstanın vasitəçilik missiyası mühüm irəliləyişlərə səbəb ola bilər. Hər halda digər siyasi mərkəzlərin Azərbaycan və Ermənistan münasibətlərində tutacağı mövqe bizi o qədər də qane etməyə bilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Gürcüstanın hələ də Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyini şərh edərkən deyir.

Siyasi analitik Gürcüstanın daha əvvəl Ağdamın minalanmış xəritələrinin qaytarılması prosesində aktiv rol oynayıb:
“Eyni zamanda, Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasında həm siyasi, həm də iqtisadi baxımdan öz maraqlarını ifadə edən bir ölkə olduğu üçün Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı gələcəyində də daha dürüst mövqe ortaya qoya biləcək ölkələrdən biridir. Bu baxımdan Gürcüstanın xüsusilə Qərb xətti və dəstəyi ilə vasitəçiliyi üçün çox ciddi potensialı var və bu potensial hər zaman Azərbaycan-Ermənistan arasındakı münasibətlərin nizamlanmasında effektiv ola bilər. Sadəcə Gürcüstanın vasitəçilik missiyası Rusiya tərəfindən sabotaj edilə bilər. Bu baxımdan da Qərbin Gürcüstanın vasitəçiliyi ilə bağlı dəstəyi daha ardıcıl və sistematik olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

