Avropa İttifaqında aylardır davam edən müzakirələr nəhayət öz kulminasiya nöqtəsinə çatır. Bir tərəfdən Ukraynaya dəstəyin davamlılığı, digər tərəfdən isə Rusiyanın təcavüzkar siyasətinə qarşı daha sərt mexanizmlərin işə salınması ilə bağlı konsensus zərurəti Brüsselin gündəmini müəyyənləşdirirdi. Aİ daxilindəki fikir ayrılıqları, xüsusilə də hüquqi risklər, iqtisadi nəticələr və Moskvanın mümkün cavab addımları ilə bağlı ehtiyatlı mövqe bir çox qərarların qəbulunu ləngidirdi. Lakin geosiyasi reallıq Qərb ölkələrini daha kəskin və koordinasiyalı addımlar atmağa məcbur edir.
Britaniya, Fransa və Almaniya rəhbərlərinin London görüşü Avropanın mövcud təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi kimi qiymətləndirilir. Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müharibənin Avropanın öz sərhədlərinə yayılmaması və Rusiyanın iqtisadi resurslarının məhdudlaşdırılması Qərbin əsas strateji prioritetlərinə çevrilib. Bu müzakirələrin fonunda dondurulmuş Rusiya aktivlərinin istifadəsinin gündəmə gəlməsi Kremlin sərt ritorikasına səbəb olsa da, Aİ artıq riskləri nəzərə alaraq daha prinsipial xətt tutmağa meyllidir.
Moskvanın son günlərdəki hədələrinə baxmayaraq, Qərb siyasi rəhbərliyi hesab edir ki, Rusiyanın aqressiv kursunu yalnız siyasi təzyiq və iqtisadi sanksiyaların sərtləşdirilməsi yolu ilə cilovlamaq mümkündür. Bu isə öz növbəsində yeni eskalasiya ehtimalı, hüquqi presedentlər, eləcə də beynəlxalq maliyyə sisteminə təsirlərlə bağlı sualları aktuallaşdırır.
Belə bir həssas mərhələdə yaranan əsas sual budur: Aİ-nin dondurulmuş Rusiya aktivlərini istifadə etmək barədə razılığı regiondakı qüvvələr balansını necə dəyişəcək və bu qərar Moskvanın reaksiyasına hansı formada təsir göstərəcək?
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, Qərbin son addımları və Aİ-də əldə olunan razılıq Rusiyanın dondurulmuş aktivləri üzərində geri dönüşü olmayan prosesin başlandığını göstərir. Ekspert hesab edir ki, Moskvanın xaricdə saxlanılan maliyyə aktivlərinin geri qaytarılması artıq mümkün görünmür və bu aktivlər Ukraynanın gələcək iqtisadi bərpasında əsas mənbəyə çevriləcək.

Onun fikrincə, Qərb ölkələrinin Ukrayna üzrə strategiyası tədricən dəyişir və proses Kiyevin müəyyən güzəştlərə məcbur ediləcəyi istiqamətdə inkişaf edir. Əlibəyli bildirir ki, hazırkı mərhələdə həm müharibənin uzanması, həm də Qərbin tükənən maliyyə-siyasi resursları fonunda Ukraynaya yeni siyasi çərçivə formalaşdırılır:
“Son təkliflər göstərir ki, Ukraynanı faktiki olaraq işğal edilmiş ərazilərlə bağlı müəyyən razılaşmalara gəlməyə sövq edirlər. Bu, Kiyevin istəkləri ilə üst-üstə düşməsə də, Qərbin ümumi strateji yanaşması buna doğru gedir”.
Ekspert qeyd edir ki, yaxın aylarda Ukraynada daxili siyasi proseslərin aktivləşəcəyi, Zelenskidən sonrakı dövrə hazırlığın aparıldığı müşahidə olunur:
“Yeni il ərəfəsində Zelenskinin təhlükəsizliyinə müəyyən təminatlar verildikdən sonra ölkənin seçki prosesinə gətirilməsi planlaşdırıla bilər. Seçkidən sonra hakimiyyətə gələcək siyasi komanda Qərbin təklif etdiyi güzəştlərə daha açıq mövqe sərgiləmək məcburiyyətində qalacaq”.
Əlibəylinin sözlərinə görə, müharibədən sonrakı dövr Ukrayna üçün həm iqtisadi, həm də humanitar cəhətdən çox ağrılı və çətin olacaq: “İnfrastrukturun, yaşayış məntəqələrinin, enerji sistemlərinin yenidən qurulması böyük vəsait tələb edir və prosesin ilk mərhələsinin məhz müsadirə olunmuş Rusiya aktivlərinin hesabına aparılması gözlənilir. Yenidənqurma prosesi uzunmüddətli və ağır olacaq. Ukraynanın bərpasına başlanması üçün əsas maliyyə mənbəyi Rusiya aktivləri olacaq. Hazırda bütün planlamalar bu istiqamətdə aparılır”.
//Gülnarə Abasova, Editor.az

