“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, suverenliyini təmin etdikdən sonra Qərbin Azərbaycan əleyhinə siyasəti daha da kəskinləşdi. Sual olunmalıdır ki, axı siz dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsində prinsipial, insanların fundamental hüquqları ilə bağlı çox həssas idiniz? Bəs necə olur ki, digər dövlətlərdə nümayiş etdirdiyiniz prinsipiallığı selektiv yanaşaraq bizdə nümayiş etdirmədiniz? Bir milyondan artıq qaçqın və məcburi köçkün problemini görməzdən gəldiniz? Deməli, selektiv yanaşma kəskin hədd müəyyən edərək “ya yanımdasan, ya qarşımda” sərt şərtinin məhsuludur. Deməli, eyni yanaşmanın xalqla, millətlə əlaqəsi yoxdur guya? Azərbaycan hakimiyyətinə bu və ya digər formada edilən təzyiqlər, indi də separatçılara “siyasi məhbus” ətəyi biçmək, elə dövlətlərin daxili işinə də müdaxilə əliuzunluqdan başqa nədir?”.
Bunu Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı daxildə subyekti də, obyekti də özü öz iradəsilə seçib:
“Xalqın iradəsinə qarşı gəlmək yolverilməzdir. Məsələ odur ki, arzu edilən ssenari və onun nəticəsinə əl çatmadığından üfunətin arealını maksimum başqa ərazilərə yaymağa çalışırlar. Azərbaycan açıq şəkildə mövqe ortaya qoydu ki, itaətkarlıq alınan deyil, şaquli deyil, üfüqi münasibətlər ən məqbuldur. Axı, siz də idarəçiliyinizdə həmin üfüqiliyin olduğunu qeyd edir, aşıladığınız sistemlərə də bunu gətirməyə çalışdığınızı bildirirsiniz. Azərbaycanın, eləcə də regional dövlətlərin reallığı odur ki, coğrafiya dəyişdirilə, tarixi bağlar sökülüb atıla bilməz. Cənab Prezident İlham Əliyevin həm Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə, həm də Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlayan Antonio Koştaya məktubu da bir daha göstərdi ki, şaquli deyil, üfüqi münasibətlər olmalıdır, buna hazırıq, bunu istəyir və bunda maraqlıyıq.
Təəssüflər olsun ki, ABŞ səfirliyi impulsiv açıqlamalar verir. Eynilə, digər dövlətlər və regionlarla bağlı verilən qərarlar kimi. O qərarların nəticəsi nə oldu? Hər halda reallıq ortadadır. Diplomatların ilkin olaraq qaçılmalı nöqtəsi impulsiv qərarların verilməsi olmalıdır. Bir də ki, əsas məsələ odur ki, bəs səhv deyilən nədir? Əgər ABŞ Ermənistanı silahlandırmada ilk üçlükdə yer alırsa ki, başda dayanan elə özüdür, bu gizlini açıq deməyimizmi xətrə dəydi? Xətir-hörmət hər halda bu cür saxlanılmırdı ki, kəşfiyyat məlumatları Ermənistana ötürülsün. Co Bayden administrasiyası gedər ayaq belə birtərəf mövqeyindən əl çəkməsin. Bundan əlavə, uğurlu hansı dövlətdir ki, xalqların yeraltı və yerüstü sərvətlərini talayır, öz xalqını ali irq kimi müəyyən edərək maddi resursları öz ölkəsinə daşıyır, mənəvi amilləri yalnız öz xalqı üçün məqbul görür. Azərbaycana qarşı aparılan çirkin kampaniya dayandırılmalıdır. Qərblə Azərbaycan arasında bu soyuqluq heç bir tərəfə nə yaxın, nə də uzun perspektivdə fayda verməyəcək, odur ki, mövcud soyuqluq yumşaldılmalıdır. Belə ki, haqlı yanaşmamız Qərb tərəfindən bir daha və daha aydın, sayıq şəkildə nəzərdən keçilməlidir. Zənnimcə, inaqurasiyaya qədər hər xırda detalı əleyhimizə istifadə etmək məsələsinə mərasimdən sonra yenidən baxılacaq.”.
//Gülnarə Abasova, Editor.az