Qətər və Ermənistan iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində 7 saziş və anlaşma memorandumu imzalayıb.
Editor.az Qətərin rəsmi xəbər agentliyi QNA-da yer alan məlumata istinadən xəbər verir ki, anlaşmalar Ermənistanın baş naziri Nikol Paşinyan Dohaya səfəri çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və baş nazir Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Sani ilə görüşü çərçivəsində imzalanıb.
İki ölkə arasında əməkdaşlıq əlaqələrinin və bu əlaqələrin inkişaf etdirilməsi, möhkəmləndirilməsi perspektivlərinin müzakirə olunduğu görüşdə ümumi əhəmiyyət kəsb edən mühüm regional və beynəlxalq məsələlər müzakirə edilib. Ermənistanın baş naziri Paşinyan Dohaya səfəri çərçivəsində qətərli həmkarı Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Sani ilə də görüşüb. Şeyx Xalid və Paşinyan qarşılıqlı maraqlara əsaslanan regional və beynəlxalq prosesləri, o cümlədən iki ölkə arasında əlaqələrin gücləndirilməsi, xüsusilə də iqtisadiyyat, ticarət, səhiyyə, təhsil və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Görüşlərdən sonra tərəflər arasında ümumi əhəmiyyət kəsb edən məsələlər üzrə siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu, QNA ilə Ermənistanın rəsmi agentliyi Armenpress arasında turizm və iş fəaliyyəti sahəsində xəbər mübadiləsi və əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
//Gülnarə Abasova, Editor.az

