Qeyri-hökumət təşkilatları “Heydər Əliyev İli”nə necə hazırlaşır? – Beynəlxalq və yerli layihələr, xüsusi tədbirlər planı…backend

Qeyri-hökumət təşkilatları “Heydər Əliyev İli”nə necə hazırlaşır? – Beynəlxalq və yerli layihələr, xüsusi tədbirlər planı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə bu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan olunub. Bu istiqamətdə  ölkəmizdə fəaliyyət göstərən bütün dövlət qurumları tərəfindən fəaliyyət planı hazırlanıb və bu istiqamətdə ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği, ölkəmizin adına görülən işlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması üçün xüsusi tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən artıq Heydər Əliyev ili ilə əlaqədar olaraq bir neçə tədbirlər həyata keçirilib.

Bəs görəsən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları  “Heydər Əliyev ili” çərçivəsində hansı layihələri həyata keçirtməyi düşünür?

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Editor.az-a bildirib ki, “Heydər Əliyev ili” ilə əlaqədar  xüsusi dövlət  fəaliyyət proqramı  hazırlanıb:

” “Heydər Əliyev ” ili ilə əlaqədar ölkənin müxtəlif dövlət qurumları tərəfindən tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin tərəfdaşlarından biri də mütləq qeyri-hökumət təşkilatlarıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyəti sektoru üzrə əsas icraçı dövlət qurumu kimi artıq bu istiqamətdə iki böyük tədbir həyata keçirib. Məlum olduğu kimi bu il fevralın 21-də Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirildi. Konfrans 250-ə yaxın vətəndaş cəmiyyəti üzvü nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə baş tutdu. Eyni zamanda, ötən gün də Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Müşfiqabad qəsəbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Bu prosesdə də 200-ə yaxın qht nümayəndəsi iştirak etdi və 3 hektar əraziyə 200 mindən artıq ağac əkildi. Məlum olduğu kimi ilin birinci rübü müxtəlif dövlət qurumları, müəssisələri, təşkilatlarında  fəaliyyətlərin planlaşdırılma dövrü kimi xarakterizə olunur. Bu planlamalar əsasında isə il ərzində “Heydər Əliyev ili” ilə bağlı müxtəlif sahələr üzrə tədbirlərin keçirilməsi gözlənilir”.

C. Hüseynzadə dünən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar  Qrant müsabiqəsinin elan olunmasına da xüsusi diqqət çəkib:

” QHT-lər bütün ideyalarını bu istiqamətdə layihələrini həyata keçirtmək üçün hazırlayıblar. Bu çərçivədə dövlətin dəstəyi ilə daha böyük işlər və uğurlu layihələr həyata keçiriləcək. Ancaq buna baxmayaraq layihələrdən kənar da tədbirlər və konfranslar təşkil edilir. Məsələn, Qərbi Azərbaycanla bağlı proseslərdə də QHT-lər mühüm rol oynayırlar. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə həm Qərbi Azərbaycan, həm də Qarabağla bağlı görülən işlər müxtəlif tədbirlər çərçivəsində təbliğ olunur. Eyni zamanda, bu yaxınlarda Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar da tədbirlər hazırlandı. İl hələ yeni başlanıb və hər bir təşkilat öz fəaliyyət istiqamətinə uyğun müxtəlif tədbirlərin, layihələrin həyata keçirtməyi planlayır. Hesab edirəm ki, bu il qeyri-hökumət təşkilatları proseslərə kifayət qədər öz töhfəsini verəcək”.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli isə vətəndaş cəmiyyəti institutları, QHT-lərin “Heydər Əliyev ili” çərçivəsində gördüyü və görəcəyi işlərə toxunub:

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlərdə qht-lər aktiv iştirak edirlər. Yarım əsrdən artıqdır ki, vətəndən kənarda ümummilli lider Heydər Əliyevin adı gələndə belə Azərbaycan yada düşür. Bu gün müasir Azərbaycanın yaranması, hazırda dövlətimizin müstəqilliyi, suverenliyi, bütövlüyü Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hər zaman ictimaiyyətə açıq şəxsiyyət olub. Vətəndaş cəmiyyəti institutlarının formalaşması, demokratik təsisatların möhkəmləndirilməsində ulu öndərin xüsusi xidmətləri var. Heydər Əliyevin hər sahədə fəaliyyəti gözümüzün önündən çəkilmir. Gənclər siyasəti, mədəniyyət, elm, idman sahəsində gördüyü işlər öz sözünü deyir  Onun gənclərə, uşaqlara olan münasibətinə baxdıqda necə böyük bir məktəb olduğunu görməmək mümkün deyil. İctimai-siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq yanvar ayında keçirilən idarə heyətinin ilk iclasında Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həm ölkə daxilində, həm də xaricində müxtəlif  tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub. Müasir Azərbaycan tarixinin fenomen şəxsiyyəti Heydər Əliyevin adının və onun gördüyü işlərin dünya miqyasında təbliği vətəndaş cəmiyyəti institutları olaraq bizim birbaşa borcumuzdur”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.