İsrail əsgərləri Qəzza şəhəri daxilində və bir neçə istiqamətdən mühasirəyə alıb.
Editor.az bildirir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi deyib. Onun sözlərinə görə, quru əməliyyatının genişləndirilməsindən sonra 18 İsrail əsgəri həlak olub. “Biz müharibənin daha bir mühüm mərhələsinə keçdik.
İsrail qüvvələri Qəzza zolağının şimalında yerləşir, Qəzza şəhərində fəaliyyət göstərir, onu mühasirəyə alır, qurudan hücumu dərinləşdirir və uğur qazanır”, – İsrail ordusunun baş qərargah rəisi deyib. Onun sözlərinə görə, İsrail əsgərləri sıx məskunlaşmış və mürəkkəb şəhər ərazisində döyüşür və eyni zamanda yaxın döyüşlər aparır. “Quru qoşunları dəqiq kəşfiyyat, hava və dəniz atəşi ilə müşayiət olunur”, – o əlavə edib.
Qeyd edək ki, İsrail ordusunun quru qoşunları oktyabrın 27-də axşam saatlarında Qəzza zolağına daxil olub. Oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu müharibənin üçüncü mərhələsinə – Qəzza zolağında quru qoşunlarının artırılmasına keçidi elan edib. Dünən, noyabrın 1-də İsrail ordusunun əsgərləri Qəzzanın şimalında HƏMAS cəbhəsinin müdafiə xəttini yardıqlarını bildiriblər.
//Samir Qurbanov, Editor.az

