Qəzza üçün yeni sülh sənədi – Trampın təşəbbüsü niyə mübahisə doğurur?backend

Qəzza üçün yeni sülh sənədi – Trampın təşəbbüsü niyə mübahisə doğurur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə illərdir davam edən münaqişələr qlobal güclərin maraq toqquşmasının bariz nümunəsidir. Formal olaraq İsraillə Fələstin arasında görünən qarşıdurma əslində böyük dövlətlərin təsir dairəsi uğrunda apardığı geosiyasi mübarizənin bir hissəsidir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlik Qəzza planı da bu çətinlikləri aradan qaldırmaq məqsədi daşısa da, sənədin real nəticə verib-verməyəcəyi ciddi suallar doğurur. Çünki bölgədə hərbi, siyasi və humanitar aspektlərin mürəkkəbliyi fonunda təqdim edilən bu plan daha çox yeni mübahisələr yaradır, nəinki mövcud problemlərə qəti cavab verir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərq böhranının arxasında illərdir müxtəlif böyük dövlətlərin maraqları dayanır:

“Problemlər formal olaraq İsraillə ərəb ölkələri arasında getsə də, mübarizədə böyük güclərin birbaşa iştirakı göz önündədir. Bu gün Qəzza ilə İsrail arasında gedən müharibə əslində Fələstin probleminin davamıdır. Tramp hakimiyyətə gələndən dəfələrlə bu məsələnin həllinə çalışdı. Əvvəlcə atəşkəsə nail olmaq istəsə də, uzunmüddətli sülh təmin edilmədi. Hətta Qəzza əhalisinin köçürülməsi və bölgədə yeni bir “cənnət məkan” yaradılması kimi fikirlər də ortaya atıldı. Sonuncu təşəbbüs isə Trampın təklif etdiyi 20 maddəlik sənəddir. Bu sənəd Qəzza müharibəsinə son qoymaq niyyəti daşısa da, onun HƏMAS tərəfindən qəbul ediləcəyi böyük sual altındadır”.

Onun sözlərinə görə, hazırda bir çox dövlətlər, o cümlədən Avropa ölkələri və Türkiyə, Trampın niyyətini dəstəkləsələr də, sənədin həqiqətən sülhə aparıb-aparmayacağı ilə bağlı qəti fikir söyləmək mümkün deyil:

“Çünki burada ciddi boşluqlar və ziddiyyətlər var. HƏMAS-ın tərksilah olunması və bölgədən çıxması mexanizmi sənəddə göstərilməyib. HƏMAS-ın idarəçilikdə iştirakının tam inkar edilməsi isə bu qurumu qətiyyən razı salmayacaq. Qəzzanın bərpasının hansı mənbələrdən maliyyələşəcəyi, hansı ərəb ölkələrinin bu prosesə qoşulacağı da məlum deyil.

Qeyd etmək lazımdır ki, müharibə başlayandan bəri Qəzzada 60-70 min insan həlak olub, 150 mindən çox insan xəsarət alıb. Belə bir şəraitdə ərəb dövlətlərinin heç bir şey olmamış kimi milyardlarla vəsaiti yenidənqurma işlərinə ayıracağı real görünmür. Trampın sənədində nə humanitar fəlakətin səbəblərinə, nə də onun nəticələrinin aradan qaldırılmasına aydın cavab verilir. Qısacası, təklif olunan sənədin uzunmüddətli sabitlik gətirəcəyini və münasibətləri normallaşdıracağını söyləmək inandırıcı deyil. Əksinə, bu plan daha çox yeni suallar yaradır”.

//Gülnarə Abasova, Editor.az