“İsrail HƏMAS arasında Qəzza zolağında məsələni bitirmək başlıca hədəflərdəndir. 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin ərazisinə müdaxilə etdikdə İsrail özünün HƏMAS-a, həm də Qəzza zolağına qarşı planını açıqladı. Sözügedən planın hədəfində HƏMAS və İsrailin təhlükəsizliyini təhdid edən başqa qanunsuz silahlı qruplaşmaların və onların liderlərinin zərərsizləşdirilməsi dayanırdı. Hətta həmin hədəfdə göstərilirdi ki, HƏMAS-ın və başqa silahlı qruplaşmaların liderlərini zərərsizləşdirmək İsrail hökumətinin məqsədlərindəndir”.
Bunu Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
O bildirib ki, İsrail Fələstini Qəzza da daxil olmaqla, özünün muxtar ərazisi hesab edir:
“Belə hesab etdiyindən bu ərazilərdə təhlükəsizlik tədbirlərini görmək üçün əməliyyatlar keçirilir. İsrail hökuməti hesab edir ki, Qəzza zolağında HƏMAS İsrail dövləti və dövlətçiliyinə qarşıdır, bunu neytrallaşdırmaq üçün də fəaliyyətini davam etdirir. Son zamanlar İran hakimiyyəti bəyan edirdi ki, HƏMAS, Hizbullah-la heç bir əlaqəsi yoxdur, onlar müstəqil şəkildə İsrailə qarşı mübarizə aparırlar. Ancaq hazırda İranın bu iddiasından əl çəkdiyi, bu qruplaşmalara yardımların azaldığı bir vaxtda İsrail Qəzza zolağında HƏMAS-ı və digər silahlı qruplaşmalarla məsələni bitirmək istəyir. Bu isə həm də Fələstin-İsrail münasibətlərinin gələcəyi üçün bir yol xəritəsidir”.
Politoloq HƏMAS-ın ayrı-ayrı ölkələrin bölgədə yaşananlara görə məsuliyyət daşıdığını elan etməsi məsələsinə də münasibət bildirib:
“HƏMAS-ın Qəzzadakı hökumətini dünyanın neçə ölkəsi tanıyır, yaxud bu hökumət beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənmi? Bəzi ölkələr HƏMAS-ı terror qruplaşması kimi tanıyır və hesab edirlər ki, bu qruplaşma İsrail dövlətini təhdid edir. Ona görə də onun zərərsizləşdirilməsi üçün İsraili dəstəkləyirlər. Hesab edirəm ki, İsrail HƏMAS və başqa silahlı qruplaşmaları Qəzza zolağından sıxışdırıb çıxarana, yaxud tamamilə bölgədən təmizləyənə qədər bu əməliyyat davam edəcək. Artıq Fələstin, o cümlədən, Qəzza zolağının gələcəyi məsələsi isə İsrailin Fələstin dövlətinə münasibətindən, Fransa, Britaniyanın Fələstin dövlətini tanımasından aslı olacaq. Beynəlxalq ictimaiyyət isə ilkin şərtlər daxilində HƏMAS-ı silahlı qruplaşma kimi sıradan çıxarmaq istəyir və bu istiqamətdə də İsraili dəstəkləyir”.
//Gülnarə Abasova, Editor.az