Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) Qəzzanın şimalında xəstələri müalicə edə biləcək yalnız Əl-Əhli Ərəb (Baptist Xəstəxanası) xəstəxanasının olduğunu və resurslarının sürətlə tükəndiyini açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, OCHA hazırda Əl-Əhli Ərəb xəstəxanasında 500-dən çox xəstənin müalicə aldığını, lakin resursların sürətlə tükəndiyini qeyd edib: “Şimali Qəzzada xəstəxanalardan yalnız birinin hələ də minimum səviyyədə işlədiyi bildirilir. Bütün digər xəstəxanalar ətrafdakı bombardmanlar və qarşıdurmalar nəticəsində elektrik enerjisi, tibbi ləvazimat, oksigen, qida və su çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Qəzza şəhərindəki xəstəxana hazırda 500-dən çox xəstəni qəbul edir və bildirilir ki, şimalda xəstələri qəbul edə bilən yeganə tibb müəssisəsidir. Lakin o da artan çatışmazlıqlar və çətinliklərlə üzləşir”.
Qeyd edək ki, Əl-Əhli Ərəb Xəstəxanası oktyabrın 17-də raket hücumuna məruz qalıb. HƏMAS hücuma görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb. İsrail isə HƏMAS-ın atdığı raketin nasazlıq göstərərək, xəstəxananın bağçasına düşdüyünü və hücumun onlar tərəfindən həyata keçirilmədiyini bildirib.
Fələstin Səhiyyə Nazirliyi raketin xəstəxanaya düşməsi nəticəsində 471 nəfərin öldüyünü, 314 nəfərin isə yaralandığını açıqlayıb.
//Səbinə Hüseynli, Editor.az