ABŞ-ın Qəzza zolağını “yaşıl” və “qırmızı” zonalar üzrə yenidən qurma təşəbbüsü regionda təhlükəsizlik və idarəetmə mexanizmlərinin yenidən formatlaşdırılması cəhdi kimi qiymətləndirilir. Bu konsepsiya, bir tərəfdən, dağıdılmış infrastrukturun mərhələli bərpasını nəzərdə tutsa da, digər tərəfdən, yerli əhali və regional güclər arasında etimad məsələlərini daha da həssas edir. Planın əsas məqsədi münaqişədən sonrakı idarəetmə boşluğunu doldurmaq olsa da, onun praktik tətbiqi xüsusilə humanitar vəziyyət, əhalinin könüllü köçü və beynəlxalq qüvvələrin rolu ilə bağlı çoxsaylı suallar doğurur. Regional dövlətlər prosesin gələcək nəticələrinə ehtiyatla yanaşır, çünki hər bir yanlış addım bölgədə yeni gərginlik dalğasına səbəb ola bilər. Məhz bu səbəbdən ABŞ planının uğuru təkcə texniki strukturdan deyil, həm də siyasi konsensusun formalaşmasından asılıdır.
Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Qəzzanı “yaşıl” və “qırmızı” zonalara ayıran yeni modeli bölgənin mövcud təhlükəsizlik sistemində daha çox texniki idarəetmə konsepsiyası təsiri bağışlayır, lakin onun real nəticəsi regional aktorların siyasi iradəsindən asılı olacaq:

“Planın əsas məqsədi dağıdılmış mülki infrastrukturu nəzarət altında bərpa etməkdir və bu, uzun müddət davam edən idarəetmə boşluğunun qarşısının alınmasına xidmət edir. ‘Yaşıl zona’nın beynəlxalq və İsrail qüvvələrinin nəzarətinə verilməsi sabitlik yaratmağa yönəlmiş addım kimi qiymətləndirilir. Lakin fələstinlilərin həmin zonaya könüllü köçməsi üçün humanitar təminatlar, sosial uyğunlaşma və icma etimadı həlledici rol oynayır. ‘Qırmızı zona’nın xarabalıq vəziyyətində qalacağı ehtimalı isə planın sosial və psixoloji çətinliklərini daha da artırır. Misir, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı kimi regional aktorlar prosesin davamlılığı üçün siyasi zəmanətlərin vacibliyini vurğulayırlar. İsrail isə təhlükəsizlik prioritetlərini əsas götürərək modelin mərhələli tətbiqini daha real hesab edir. Fələstin tərəfi üçün əsas narahatlıq ərazi bütövlüyünün taleyi və gələcək idarəetmə mexanizmlərinin statusudur. Planın mərkəzində Qəzzada yenidən idarəetmə vakuumunun yaranmasının qarşısını almaq dayanır. Bu yanaşma beynəlxalq donorların prosesə daha sistemli şəkildə cəlb olunmasına imkan verə bilər, lakin humanitar reallıq nəzərə alınmadan irəliləyiş çətin görünür”.
Siyasi analitikin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında 17 noyabrda keçiriləcək müzakirə planın legitimliyi baxımından xüsusi əhəmiyyət kəsb edir:
“Sülh prosesinin əsas sualı bu mexanizmin tərəflər arasında etimad formalaşdırıb-formalaşdıra bilməməsidir. Regional diplomatiya prosesin istiqamətini müəyyən edən əsas amil olaraq qalır. Qəzzanın bərpasında mərhələli və nəzarətli model bir sıra riskləri azaltsa da, uzunmüddətli perspektiv üçün tərəflər arasında siyasi konsensusun əldə edilməsi həlledici şərt olaraq qalır”.
//Gülnarə Abasova, Editor.az

