QHT-lərin müstəqil fəaliyyəti üçün yeni imkanlar yaratmaq lazımdır-Mövcud qanunvericilik tələblərə cavab verirmi?backend

QHT-lərin müstəqil fəaliyyəti üçün yeni imkanlar yaratmaq lazımdır-Mövcud qanunvericilik tələblərə cavab verirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

“”İctimai iştirakçılıq haqqında Qanun” vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İctimai iştirakçılıq və ictimai nəzarət funksiyasının bir neçə forması mövcuddur. İctimai şuraların bu istiqamətdə fəaliyyətinin qənaətbəxşliyi mübahisə tələb edən mövzudur. Hesab edirəm ki, qanunvericiliyin verdiyi bu imkanlar tam olaraq ictimai nəzarət funksiyasının həyata keçirilməsinə imkan vermir”.

Bu sözləri Editor.az açıqlamasında “Vətəndaş” İctimai Birliyinin sədri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova deyib. O bildirib ki, vətəndaş cəmiyyəti institutlarının əsas subyektlərindən biri QHT-lərdir. QHT-lər icma, əhali və dövlət arasında körpü rolunu oynayır:

“Başqa ölkələrdə QHT-lər əsasən xidmət sahəsində fəaliyyət göstərir. Azərbaycanda isə digər ölkələrlə müqayisədə mövcud olan 4 min qeyri-hökumət təşkilatından çox az sayda aktiv olan var. Öz ofisi, işçi heyəti olan və böyük layihələr həyata keçirən QHT-lər barmaqla sayılacaq qədər azdır. Qərarverici səviyyəyə təsir mexanizminə gəldikdə isə bu yalnız İctimai Şuralarla yekunlaşmamalıdır. QHT-lərdə ictimai vəkillik komponenti olmalıdır. Hər hansı bir məsələ ilə bağlı ictimai dinləmələr keçirilməli, rəy sorğuları aparılmalı və yekunda əhalidən gələn tələb və təklifləri qanunvericilikdə, icrada nəzərə alınması üçün dövlətə təklif formasında hazırlanıb təhvil verilməlidir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni yaranmasına baxmayaraq bütün sahələr üzrə QHT-lərlə görüşlər keçirməkdə davam edir və bir çox məsələlərdə onların rəyləri nəzərə alınır. QHT-lərə Dövlət Dəstəyi Agentliyi yalnız qrant verən deyil, siyasətin formalaşmasına dəstək göstərən və vətəndaş cəmiyyəti üçün daha münbit şərait yaradılmasına dəstək göstərən bir qurumdur.

Lakin bütün bunların fonunda QHT-lərin fəaliyyətinə təsir göstərəcək qanunvericilik dəyişdirilməlidir. Azərbaycanda beynəlxalq təşkilatların, fondların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Çünki bu həm QHT-lərin fəaliyyətini əsaslı şəkildə dəyişdirəcək, həm də Azərbaycanın bir çox məsələlərin müzakirəsində açıq bir ölkə olduğunu göstərəcək”.

Mövzu ilə əlaqədar Editor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti institutların inkişafı hüquqi dövlətin əsaslarını möhkəmlədir, demokratik cəmiyyətin inkişafına töhfə verir:

“Dövlətimiz ölkədə vətəndaş cəmiyyətinin inkişafına maraqlıdır və ictimai təşkilatların inkişafına əsaslı dəstək göstərilir. Bu məqsədlə QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyi cəmiyyətin içində formalaşmış vətəndaş cəmiyyəti təşkilatlarının təqdim etdiyi müəyyən layihələrə maliyyə dəstəyini göstərir. Ölkəmizdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti sosial sferanın innovativ inkişafına, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə, cəmiyyətin sosial müdafiə sahəsində potensialının aşkara çıxarılmasına, güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir”.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə bu gün vətəndaş cəmiyyəti institutları öz inkişaf dövrünü yaşayır:

“QHT-lər həm pandemiyaya qarşı mübarizə tədbirlərinin keçirilməsində, həm də 44 günlük Vətən müharibəsi dövründə aktivlik göstərərək dövlətlə bir yerdə həmrəylik nümayiş etdirdi. Ümumilikdə isə Azərbaycanda QHT və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini müsbət dəyərləndirirəm və hüquqi dövlətin möhkəmlənməsinə töhfə verdiyini düşünürəm”.

Editor.az-a danışan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev isə qeyd edib ki, vətəndaş cəmiyyəti institutları dövlətin ictimai- siyasi proseslərində mühüm rol oynayır:

” Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyəti institutları yaransa da, sayı az idi. 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyada vətəndaş cəmiyyəti institutlarının güclənməsinə mühüm diqqət ayrıldı və dövlətin siyasi-hüquqi sistemində rolu müəyyənləşdi. İllərdir bu istiqamətdə bir sıra qərarlar qəbul edilir. Bu gün də Vətəndaş cəmiyyəti və onun əsas elementlərindən olan QHT-lərin inkişafına istiqamətlənmiş qanunlar qəbul edilir. QHT -lər dövlət qərarlarının qəbul edilməsində vətəndaşların iştirakını təmin edir. Vətəndaş cəmiyyəti subyektləri dövlətin idarə edilməsində və dövlət tərəfindən qərarların qəbul edilməsi prosesində yaxından iştirak etməlidir. Lakin bu gün vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə iştirakı lazımı səviyyədə deyil”.

N.Mehdiyev qeyd edib ki, ölkədə 3600-ə qədər dövlət qeydiyyatına alınmış QHT mövcuddur, lakin bunların xeyli hissəsi fəaliyyət göstərmir:

“İctimai iştirakçılığın əsas forması ictimai şuralara şeçilməkdir. Görəsən bu seçkilər şəffaf keçirilirmi? Düşünürəm ki, bu sahədə gedən proseslər sancılıdır, ona görə də nəzərdə tutulan effektlər əldə olunmur. Bir müddət əvvəl “İctimai iştirakçılıq haqqında” qanuna əsasən müxtəlif qurumlarda, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralara seçkilər keçirildi. Görünür ki, artıq dövlət qurumları tərəfindən də bu sahəyə xüsusi diqqət ayrılıb. Əvvəllər əgər QHT-lər dövlət qurumlarından narazı idirsə, indi bu əksinədir. Dövlət qurumları İctimai Şuraya seçilən şəxslərin sahəni bilməməsindən şikayətlənir. Bu isə ictimai şuraların formalaşması prosesinə kölgə salır. İctimai nəzarətlə məşğul olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində də bir sıra nöqsanlar mövcuddur və bir çoxunun fəaliyyəti şəxsi maraqlara xidmət edir. Bütün bu qüsurlar ictimai sektorun dövlət idaretməsində iştirakında problemlər yaradır. Ona görə də “İctimai iştirakçılıq haqqında” Qanuna dəyişikliklər edildi.

Azərbaycanda QHT sektorunda yeni dövrün tələblərini nəzərə alaraq dəyişikliklər edilməsi məqsədilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb. Bu Agentliyin əsas məqsədlərdən biri Qeyri-Hökumət Təşkilatlarının cəmiyyət həyatı üçün vacib olan ideyalarının, təşəbbüslərinin, proqramların dəstəkləmək və beynəlxalq əlaqələrinin genişləndirilməsinə töhfə verməkdir. Eyni zamanda digər məqsəd dövlət qərarlarının qəbulunda ictimai sektorun yaxından aktiv iştirakını təmin etməkdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu istiqamətdə xeyli işlər görməyi planlaşdırır. Görüləcək işlərdə əsas prinsip isə bərabərlik, ədalətlilik, şəffaflıqdır”.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə Editor.az-a bildirib ki, bu gün Azərbaycanda kifayət qədər QHT-lər və vətəndaş cəmiyyətinin digər nümayəndələri var:

“Vətəndaş cəmiyyəti nümayəndələrinin əsas vəzifəsi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməkdir. Bu gün Azərbaycanda az da olsa, dövlətin ictimai həyatında aktiv iştirak edən QHT-lər var. Lakin bu say çox azdır. QHT- lər öz müstəqil fəalliyyətlərini davam etdirə bilmirlər. 2014-cü ildən sonra qəbul edilmiş müəyyən qərarlardan sonra onların fəaliyyəti çətinləşdi. Düşünürəm ki, bu istiqamətdə mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Bu QHT-lərin öz müstəqil fəaliyyətlərində daha da aktivləşməsinə gətirib çıxaracaq”.

Bəzi QHT-lər 44 günlük Vətən müharibəsi dövründə ictimai rəyin formalaşmasında və erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Lakin bəzi QHT-lər isə cəmiyyət tərəfindən ümumiyyətlə tanınmır və ona görə də onların ictimaiyyətə təsir imkanı çox azdır. 2021-ci il aprel ayından etibarən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Yeni yaradılmış Agentliyin əsas vəzifəsi ölkədə mövcud QHT-lərə hər mənada dəstək göstərməkdir. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Agentliyə müəyyən maliyyə vəsaiti ayrılır. Düşünürəm ki, yeni yaradılmış Agentlik ölkədə QHT-lərlə bağlı mövcud qanunvericiliyin dəyişikliklər edilməsində təsir göstərəcək”.

M.Əlizadə qeyd edib ki, QHT -lər ölkənin ictimai-siyasi həyatında çox aktiv rol almalıdır:

“”İctimai iştirakçılıq haqqında” Qanundan irəli gələrək vətəndaş cəmiyyətinin nümayəndələri nazirliklərin, komitələrin, icra hakimiyyəti orqanlarının nəznində yaradılmış İctimai şuralarda təmsil olunmaq üçün seçkilərdə iştirak edirlər. Son aylarda ictimai şuraların formalaşmasında keçirilən seçkilərdə eyni QHT nümayənlərinin eyni üzvlərinin seçilməsi onu göstərir ki, baş verən proseslərdə qeyri-şəffaflıq hökm sürür. Ölkə Prezidentinin qəbul etdiyi bütün proqramlarda hər zamanda vurğulanır ki, QHT-lər dövlətin ictimai-siyasi proseslərində mütləq yaxından iştirak etməlidir. Təəssüf ki, bəzi QHT-lər müəyyən sahələrdə fəaliyyət göstərmək üçün formalaşa və vəzifə borclarını tam yerinə yetirə bilmirlər. Bu məqsədlə müəyyən təlimlər və tədbirlər keçirilməlidir. Ümid edirik ki, yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərin bütün sahələrdə fəallığının təmin edilməsi istiqamətində çox ciddi addımlar atacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.