“Artıq həm Ermənistan, həm də separatçı rejim Azərbaycanı bir qədər tələsdirmək istəyir. Rəsmi Bakını atəşkəsi pozmağa təhrik edirlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev son günlərdə Ermənistan tərəfindən artan atəşkəsin pozulması hallarına qarşı Azərbaycanın antiterror əməliyyatına başlayıb-başlamayacağı ilə bağlı suallarımızı cavablandırarkən deyib.
Hərbi ekspert rəsmi İrəvanın şərti sərhədlərdə nə qədər güc toplamağa cəhd göstərsə də Azərbaycana qarşı yaxın vaxtlarda hərbi əməliyyat həyata keçirəcəyini düşünmür:
“Cəmiyyət də yaxşı bilməlidir ki, ehtiyat edəcək tərəf Ermənistan olmalıdır. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin hansı vəziyyətdə olduğunu çox yaxşı bilirik. Görüntü olaraq Azərbaycana verdikləri mesaj yalnız mesaj olaraq qalacaq. Praktiki tətbiqdə isə yaxın 3-5 il ərzində bu mümkün görünmür. Çünki bu çıxışların altını dolduracaq gücləri yoxdur. Digər tərəfdən gündəlikdə olan məsələlərdən biri də reinteqrasiya prosesidir. Bu proses baş tutub-tutmasa da qeyri-qanuni birləşmələr Azərbaycanın hərbi əməliyyatının hədəfidir. 10 min nəfər ya silahsızlaşdırılmalıdır, ya da atəşkəsin nəticəsi kimi Azərbaycan cəzalandırma əməliyyatına başlamalıdır. Bununla da “Qisas-3″ əməliyyatı qaçınılmaz görünür”.
Elxan Şıxəliyevin fikrincə, ermənilər “humanitar böhran” adı altında müəyyən mesajlar verərək guya öz ehtiyaclarını ortaya qoyurlar: “Yaxşı bilirlər ki, coğrafiyada bu təminatı edə biləcək tərəf Azərbaycandır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyulandan sonrakı mərhələdə rəsmi Bakı oradakı mövcud vəziyyəti 180 dərəcə dəyişməyi bacarıb. Sadəcə onlar erməni “eqosu”na qalib gələ bilmirlər”.
//Safura Bənnayeva, Editor.az