“Brüssel görüşündən sonra bir tərəfdən Ermənistanın hərbi, diplomatik, verbal və dezinformasiya təxribatları olmaqla, digər tərəfdən də yeni fiqur vasitəsilə qeyri-stabil situasiyanın formalaşdırılması və qeyri-müəyyən şəraitin bilərəkdən yaradılması təsadüf deyil”.
Bunu açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ruben Vardanyanın Qarabağa səfəri və Laçın, Kəlbəcər istiqamətindəki son silahlı insidentlər fonunda Cənubi Qafqazda mövcud vəziyyət yenidən gərgin xarakter ala bilər:
“Birincisi, Rusiya vətəndaşı olan əslən erməni milyarder Ruben Vardanyandan həm Nikol Paşinyanın özünə, həm də Azərbaycanla sülh müqaviləsinin lehinə olanlara qarşı istifadə olunursa, digər tərəfdən də onun qeyri-qanuni şəkildə Qarabağa köçməsi ilə bölgədə qalan ermənilərdən Azərbaycanın əleyhinə təzyiq vasitəsi kimi istifadə olunması yeni mərhələyə daşınır.
Rabitəli şəkildə baş verən hadisələrin hər biri üzü qışa doğru məsələlərin hansı tərəfin dominant vasitəçiliyi ilə həll edilməsi məqsədilə bilərəkdən ləngidilməsi ssenarisidir. Hələ prosesləri Ermənistan üzərindən dəyərləndirərkən təxribatlara əl atan Paşinyan baxımından heç istisna etmirəm ki, yenə də özü bilərəkdən başını çomağa sürtür. Yəni müxtəlif formalı təxribatlara özü bilərəkdən əsas yaradır. Çünki Ermənistanda dar bir çevrə var ki, proseslərin əleyhinədir, onlara göstərmək istəyir ki, Azərbaycanla bacarmaq gücündə deyilik. Bir sözlə, istisna deyil ki, Paşinyan tərəfindən “Qisas” antiterror əməliyyatı kimi yeni bir əməliyyat icra edilmək şəraiti yaradılır.
“Hraparak” qəzetində də Qarabağla bağlı istənilən variantın İlham Əliyev üçün qəti şəkildə qəbuledilməz olduğunun bildirilməsi, yeni əməliyyatın keçirilməsinə zəmanətin olmaması, Zəngəzur dəhlizinin isə yol yox, məhz dəhliz statusunda açılması qətiyyətinin ifadə olunması bundan xəbər verir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə hələ tək olsa da, özbaşına olmayan səfəri, eyni zamanda bu ərazilərdə qanunsuz yolların çəkilməsi, evlərin tikilməsi fonunda Azərbaycan sanki növbəti hərbi əməliyyatlara vadar edilir. Birmənalı olaraq bu hərəkətlərin nəyə gətirib çıxacağı Ermənistana bəllidir. “Qisas” əməliyyatı öncəsi baş verən prosesləri bir daha göz önünə gətirsək hadisələrin analoji xətt üzrə davam etdiyini görərik.
Sözsüz ki, Brüssel görüşündən sonra Rusiya liderinin dövlət başçımıza zəngi əsnasında Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın vasitəçiliyi ilə başlayan məsələlərin elə onun da vasitəçiliyi ilə yekunlaşması üzrə niyyəti də ifadə olunmamış deyil.
Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər” kimi fikir səsləndirdi. Birincisi düzdür, ikincisi isə ağ yalandır. Çünki heç kimə, elə Rusiyanın özünə də sirr deyil ki, Paşinyan Qərbin adamıdır, ikinci versiyanı səsləndirməsi isə qəlbən olmasa da, məcbur bağlı şəxs kimi Ermənistanın “rəsmi dili” özünü Rusiyadan qoruma çətiri formalaşdırır. Çünki təsadüfi deyil ki, Rusiya meydançasında baş nazir həm də Rusiya ilə strateji müttəfiqliyin vacibliyini vurğulayaraq bunu Ermənistanın təhlükəsizliyinin əsas amili adlandırdı.
Mövcud vəziyyətin Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara biləcəyini vurğulaması isə birbaşa Ukrayna məsələsi ilə bağlı olsa da zənnimcə, bunu həm də Ruben Vardanyanla bağlamaq olar. Qanunsuz silahlı dəstələrin ərazilərimizdən çıxarılmaması az deyilmiş kimi, bu dəfə də qərbyönümlü olması reallığı ucbatından Rusiyanın sinəsinə bərk basmadığı Paşinyanın mövcudluğu fonunda Ermənistanda Rusiyanın “qeyri-rəsmi dilləri” isə meydana əsli erməni, fəaliyyəti isə kosmopolit və çoxşaxəli Ruben Vardanyanı çıxartdı. Görünür, Paşinyan ilk növbədə Vardanyanı özünə rəqib bildiyi üçün mövcud vəziyyətin sabitliyin pozulacağına gətirəcəyini bildirir.
Paşinyan həm də bildirdi ki, Ermənistan Azərbaycanla sərhədlərin açılması prosesində bu işi Rusiyanın dəstəyi ilə başa çatdırmağa ümid edir. Deməli, bu işdə indiki mərhələdə hələ də Rusiyanın dominant olduğu reallığını bilir. Bu həm də ilk növbədə Paşinyanın Rusiyaya öz sadiqliyini göstərməyə çalışmasıdır ki, başqa heç kim lazım deyil, maraqları mən təmin edə bilərəm.
Dominantlığa gəldikdə isə, açığı, onun zəifləməyəcəyi, ya da zəiflədilməyə başladılması prosesinin dayanacağı, yenidən Rusiya oribitinə daha ağırlıqlı keçəcəyi qənaətindəyəm.
Regional məsələlər birbaşa qlobal məsələlərlə heç zaman olmadığı qədər bağlı olduğundan Rusiya liderinin də eyni forumda çıxışından belə qənaətə gəlmək olur ki, Qərb-Rusiya qarşıdurmasında yumşalma qəti olmayacaq, mövsüm soyuq qış fəsli olsa da mövcud qarşıdurmada proseslər daha da alovlanacaq ki, bu dəfə isə Rusiyanın hücumu ilə növbəti mərhələsinə qədəm qoyacaq.
Rusiyanın özünü dirçəltmə qərarı və hücumu isə təkcə enerji amilinin istifadə olunaraq tətbiq edildiyi siyasi baxımdan deyil, həm də yumşaq güc komponenti olan ideoloji amillə də realizə ediləcək. Söhbət isə Rusiya Prezidenti Vladimir Putinin artıq təsdiq etdiyi yeni humanitar siyasət konsepsiyasından gedir. Digər cəbhə də boş durmur. Belə ki, ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Rikerin regiona reallaşdıracağı səfəri Qərblə Rusiya arasında olan mövcud fikir ayrılıqlarının regionumuzda da və daha da dərinləşdiyindən xəbər verir”.
Milli.az

