Qiymət BAHA, keyfiyyət AŞAĞI: Xidmət sektorunun inkişafı üçün hansı işlər görülməlidir?backend

Qiymət BAHA, keyfiyyət AŞAĞI: Xidmət sektorunun inkişafı üçün hansı işlər görülməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Azərbaycanda müasir xidmət sektoru müstəqillik dönəmində formalaşıb. Hal-hazırda isə bu sektorda şübhəsiz ki, problemlər çoxdur. Xidmət sektoru birbaşa insan faktoru ilə bağlı olduğu üçün yüksək keyfiyyət tələb olunur. İstehlakçının isə o keyfiyyəti hiss etməsi zəruridir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspertin sözlərinə görə, müasir xidmət sektorunun keyfiyyətini artırmaq üçün təkcə dünya təcrübəsinə əsaslanmaq kifayət etmir:

“Əgər iqtisadiyyatda rəqabət yoxdursa və ya zəifdirsə, yüksək keyfiyyətdən söhbət gedə bilməz. İstehsalçılar yüksək keyfiyyət arxasınca qaçmır. İnhisarçılıq və haqsız rəqabət imkan verir ki, xidmət istehsalçıları buna o qədər də əhəmiyyət verməsinlər. Otel, restoranlarda xidmət personalının keyfiyyəti çox önəmlidir. Buna görə ölkədə bu istiqamətdə peşə təhsili müəssisələri olmalıdır. Həmin personal məhz orada yetişməlidir. Azərbaycanda xidmət sahəsində işləyən personalın peşəsi naməlumdur. Eyni zamanda, xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin rəqabətə imkan verəcək sertifikatlaşma sistemləri olmalıdır. Xüsusilə də sertifikatlaşmanı müstəqil qurumlar həyata keçirtməlidir. O zaman daha obyektiv nəticələr ortaya çıxar. Regionlarımızda böyük sənaye müəssisələri olmadığı üçün daha yüksək əlavə dəyər əsasən xidmət sektorunda yaranır. Yəni, regionların əsas məşğuliyyəti kənd təsərrüfatı və xidmət sahəsi üzərində qurulur. Xidmət sektoru kənd təsərrüfatı ilə müqayisədə daha yüksək əlavə dəyər yaradır. Ona görə də bu sahə regionların iqtisadi inkişafı üçün daha önəmlidir. Amma bütün bunlarla yanaşı regionlarda keyfiyyətli xidmət sahələrinin
formalaşması üçün xeyli iş görülməlidir”.

E. Bağırzadə bildirib ki, müasir dünyada ancaq turizmin ancaq daxili turizmə istiqamətlənmiş növlərinin inkişaf imkanları geniş deyil:

“Çalışmaq lazımdır ki, xarici turistlərə istiqamətlənmiş xidmətlər genişləndirilsin. Bu da təkcə istehsalçılarla bağlı deyil. Bu İstiqamətdə inkişafa ölkənin beynəlxalq münasibətlərdəki mövqeyi, viza sistemləri, ölkənin yerləşdiyi coğrafi şəraitin təsiri böyükdür. Biz 80 milyon İran, 140 milyon Rusiya, 85 milyon əhalisi olan Türkiyə ilə qonşuyuq. Bu qədər əhalisi olan ölkələrlə qonşuluq edən Azərbaycanın bu ölkələrdən çəkdiyi turizm potensialı hədsiz dərəcədə aşağıdır. Nəzərə alsaq ki, İran və Rusiyanın turistləri dünyada daha çoxdur. Azərbaycan isə bu turistləri yetərində ölkəyə cəlb edə bilmir. Bütün bu problemlərin başında rəqabət mühitinin olmaması dayanır. Sağlam rəqabət mühiti, regionlarda özəl xidmət sektoruna geniş imkanlar yaradılmalıdır ki, təşəbbüskarlıq artsın. Bununla yanaşı da hökumət də xarici turistlərin ölkəyə cəlb edilməsini ciddi şəkildə dəstəkləməli, bu istiqamətdə istehsalçılara müəyyən yardımlar olunmalı, təşviqedici addımlar atılmalıdır. Çünki daxili turizmə istiqamətlənmiş turizm sektorunun inkişaf istiqamətləri çox məhduddur. Ölkəmizdə isə daxili turizm adətən mövsumi xarakter daşıyır. Biz turizmi genişləndirməliyik. İnsanlar yay tətilləri ilə yanaşı, digər günlərdə də istirahətə meyilli olmalıdır. Turizmin müxtəlif növlərini inkişaf etdirməliyik. Məsələn, konqres turizmin elə bir növüdür ki, bunun mövsumü yoxdur. Turizmin bu növü ilə hər fəsildə xarici və yerli turistləri ölkəyə cəlb etmək mümkündür. Ona görə də bu istiqamətdə də geniş işlər görülməlidir”.

İqtisadçı qeyd edib ki, Qarabağın turizm potensialı olduqca zəngindir:

“Biz bundan istifadə etməyi bacarmalıyıq. Turizmin təkcə restoran, əyləncə, növlərinə fokslanmamalı, eko, kültür, dağ, dark turizm növlərini də canlandırmalıyıq. Əsasən özəl sahibkarlığa geniş imkanlar yaradılmalıdır ki, bu sektorda rəqabət genişlənsin, yeni təşəbbüslər ortaya çıxsın. Amma ən vacib məqam da əcnəbi turistlərin ölkəyə gəlməsi üçün imkanların genişləndirilməsidir. Azərbaycanın bu gün viza tətbiq etmədiyi ölkə azdır. Məsələn, Bakıya gələn turist ikinci dəfə Bakıya gəlməyi düşünməyəcək. Ancaq Bakıdan regionlara sürətli qatarlar olarsa, digər imkanlar genişlənərsə biz bir dəfə gələn turistin yenidən ölkəmizə gəlməsinə şərait yaratmış olacağıq. Siyasət, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, qida hər bir sahə turizmlə bağlıdır”.

//Gülnarə Abasova, Editor.az