Qiyməti 20 qəpik, dəyəri milyonlara bərabər kitablarla dolu Xan Xəzinəsi – 	REPORTAJbackend

Qiyməti 20 qəpik, dəyəri milyonlara bərabər kitablarla dolu Xan Xəzinəsi REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siz heç 20 qəpik qiymətində kitab görmüşdünüzmü? Heç mən də görməmişdim, ta ki Sumqayıt şəhərində içi-çölü kitablarla örtülmüş kiçik kitab evinə səyahət edənə qədər. Bir yer düşünün, elə bir yer ki, oranın sehri insanı ovsunlayır…
‘’Kitab var, insan həyatında elə bir rol oynayar ki, onu hər hansı bir madiyyatla ölçə bilmərsən” – bunu 30 ilə yaxındır ki, satışla məşğul olan Xan Rəsuloğlu deyir.

DEKOR ÜÇÜN KİTAB ALANLAR

Satıcı bizi həqiqətən də, 20-50 qəpiyə insan ruhunu oxşuyan çox gözəl kitablarla tanış etdi. Hətta onun yanında olanda maraqlı bir hadisəyə də şahidlik etdik. Xan əmi çox xoşuna gələn alıcılarına hədiyyələr də edirdi. ‘’Bir çoxuna nəşriyyat özü qiymət qoyduğu üçün biz onu olduğu kimi, lakin bəzilərini isə üstündəki qiymətdən dəfələrlə aşağı satırıq. Bunu insanlar heç cür dəyərləndirmir. Qiymət ucuzdur, amma bəziləri gəlib bunları sadəcə dekor üçün əldə edir, ya evinə, ya yeni kafe açır ora üçün, halbuki içindəkilərdən xəbərsizdir”- kitabçı söyləyir.

Bir müddət orada qalıb içəri daxil olan insanları müşahidə etdik. Satıcının da dediyi kimi elə müştərilər var ki, saatlarla burada vaxt keçirib axtarışa çıxırlar. Görünür, onlar yaxşı mənada baş döndürən bu mühitin təsirindən çıxmaq istəmirdilər. Haqlıdırlar. Bir yanda hələ qatı açılmamış yeni gələn rəngarəng kitablar, digər yanda isə Sovet dövrünün köhnə inciləri…
Amma gördüyümüz qədərilə tələbat daha çox köhnə dərslik, dərs vəsaitinədir. Alıcıların bəziləri aldıqlarını dəyişdirir, kimisi kitab kirayəsi ilə maraqlanırdı. Belə məlum oldu ki, burada satışla yanaşı, kirayə xidməti də göstərilir.
Orda olarkən bizi ən çox maraqlandıran suallardan biri də bu oldu – Bir biznes kimi kitab satışı sərf edirmi?
Xan əminin maraqlı cavabı var:
” Bir biznes kimi azsaylı ailənin dolanışığını bəlkə də müəyyən qədər təmin edər. Düzünə qalsa, əgər dərsliklər və kirayə işi olmasa, qazanc əldə etmək mümkün deyil”.
Müsahibimizdən gənclərin kitaba olan marağının onu qane edib-etmədiyini soruşduq:
– Fikir versəz görərsiniz ki, əvvəllər oxuculara yalnız kitabxanada, deyil, küçədə, parkda, hətta yol gedərkən belə rast gəlmək mümkün idi. İndi isə bu belə deyil. Kitabi özünə yol yoldaşı seçənlərin sayı azalır. Səbəb? Səbəb həyat tərzinin dəyişməsidir. İnformasiya və texnologiya xeyli inkişaf etdiyi üçün gənclər düşünürlər ki, hər bir şey internet üzərində qurulub. Bu fikir qismən doğrudur. Lakin bir tərəfdən də bu yöndə inkişaf artdıqca, sanki mütaliəni yadırğayırlar. Kitaba olan münasibət kökündən dəyişir. Bizim dövrümüzə nisbətən dəfələrlə oxuyanların sayı azalıb. Gənclər unutmamalıdır ki, internet dünyası, filmlərin heç biri kitab qədər insana təsir edə bilməz. Axı biz bilirik, mütaliə ən təsirli tərbiyə vasitəsi hesab olunur. Kitabı oxuyarkən bir cümləni dərk etməmiş digərinə keçə bilmərsən, insanı düşünməyə, daha dərin hisslərə aludə edir. Hər cümlə bir növ beyni məşq elətdirir.

Kitabsatanlar çoxdur, köhnələrin sayı azalıb, hətta yox dərəcəsindədir…

Xan Rəsuloğlunun daimi müştərisinin dilindən:
”Bir zamanlar demək olar, hər binanın altında , hər küçənin başında yaşlı bukinistlərin kitab evləri var idi. İndi əksər yerlərin fəaliyyəti dayanıb . Xan müəllimin mağazası isə bizim üçün nadir tapıntıdır, xəzinədir. Demək olar, istədiyimizi burada tapa bilirik’’.
“Təkcə oxucuların deyil, satıcıların da sayı azalıb”- bunu içəri daxil olanlardan biri deyir. Alıcıların fikrinə görə, indiki dövrdə köhnə kitabçılar da yoxa çıxır .Gəlin bunun səbəbini illərini bu işə qurban verən Xan əmidən soruşaq.
‘’Gərək kitabların dilini biləsən, onlardan başın çıxa, kor-koranə satmaqla insanlara fayda vermək olmur. Məsələyə yalnız pul qazanmaq xətrinə yanaşsam , dəfələrlə çox gəlir əldə edərdim. Hər bir işdə gərək vicdanlı olasan. Əldə etdiyim ən böyük qazancım isə kitab aşiqi dostlarımdır’’.- Xan əmi söyləyir.

‘’İnsanlar evdə otura-otura sanki kitablarla dostlaşıb, yaxınlaşıblar…’’

Pandemiya ilə əlaqədər olaraq, bu il ölkə ərazisində uzun müddət karantin rejimi elan olunub. Maraqlıdır ki, insanların evdə qalmağı onları sanki kitablara yaxınlaşdırdı. Bəs görəsən hansı janra tələbat daha çoxdur?
“Qeyd etdiyim kimi bədii kitablara maraq artıb. Biz şair xalq olsaq da, son vaxtlar şeirə münasibət dəyişib. Oxucuların çoxunun fikirləri reallaşıb, poeziyaya meyl azalıb. Üzülürəm ki, varlığına şərəf duyduğum çox şairin adını belə eşitməyənlər var.’’-Xan Rəsuloğlu deyir.