“Dünyada bazarında buğdanın qiymətinin qalxması yerli istehsalçılar, fermerlərə sərf edir. Sadəcə yerli istehsalçıların məhsulunu dövlət alır və bunun üçün də müəyyən ödəniş edir”.
Bu fikirləri Editor.az-a açıqlama verən İqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən 2019-cu ildə sahibkarlardan 300 manatdan buğda alınırdı: “2020-ci ildə bu məbləğ 380 manata qaldırıldı. 2021-ci ildə 500 manata qədər yüksələn məbləğ bu il 16% artırılaraq 580 manatdan buğdanın alınması planlaşdırılır.
Qiymətin həm sahibkarlar, həm də əhali üçün uyğunluq təşkil etməsi ziddiyyətli məsələdir. Sahibkara məhsulu baha satmaq, əhaliyə isə məhsulu ucuz almaq sərf edir. Hər iki tərəf üçün şərtlərin eyni vaxtda yaxşı olması real olaraq mümkün deyil. Hətta həm sahibkar üçün, həm də əhali üçün yaxşı vəziyyət olduqda belə o zaman tarixi təcrübə, ticarətin vəziyyətinin təhlili də onu göstərir ki, hər iki tərəf şikayətlənir. Yəni bir məhsulun qiyməti hər iki tərəf üçün 50-50 prinsipində olanda tərəflər yenə gileylənir”.
Ekspert qeyd edir ki, yalnız məhsulun qiyməti kəskin artdıqda bazarda qıtlıq yarandıqda istehsal edən tərəf üçün yaxşı olur, amma alan tərəfdə narazılıq yaranır: “Hazırkı məqamda daha çox narazı tərəf əhalidir. Çünki yerli sahibkarların istehsal etdiyi keyfiyyətli məhsullar onsuzda dövlət tərəfindən alınır. Buna görə də hazırkı məqamda suvarma, iqlim dəyişiklikləri, subyektiv amillər səbəbilə yaranan narazılıqları çıxmaq şərti ilə, sahibkarlar bu vəziyyətdən narazı deyil. Buğdanın qiymətində olan artım səbəbilə unun və çörəyin də qiyməti artıb”.
//Safura Bənnayeva, Editor.az

