“Azərbaycanda ümumiyyətlə, ictimai-iaşə xidməti sektorunda, istirahət mərkəzlərində, kirayə evlərdə, otellərdə və sairədə qiymətlər onsuz da bahadır. Yəni, keyfiyyətə uyğun deyil. İnsanlar bir az daha çox üz tutduqda isə qiymətlər daha da yüksəlir. Adını da qoyurlar ki, tələb genişlənir. Bütün bunlar isə müştəriləri qaçırdır və onların daha çox xaricə üz tutmasına gətirib çıxardır. Və odur ki, turizmdə də həm daxili, həm də xarici müştərilərə uduzuruq. Bu, təkcə, cari il üçün xarakterik deyil, illərdir vəziyyət eynidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
İqtisadçı bildirib ki, sözügedən vəziyyəti aradan qaldırmaq asan deyil:
“Çünki qiymətlər zəncirvari əlaqə xüsusiyyəti kəsb edir. Daha çox qazanc əldə etmək istəyi burada ən başlıca mənfi amil rolunda çıxış edir. Bütün fəaliyyət növlərinin bünövrəsində məh bu durur. Bu da ölkəmizdə turizmi inkişaf etməyə qoymur.
Ümumiyyətlə, bölgələrimizdə istirahət, daxili və xarici gəlmələr üçün hər cür şəraitin olması birinci dərəcəli şərtdir. Qiymət amili isə ikinci və həlledicidir. Cari qazanc məqsədləri normal biznes üçün ən böyük maneə sayılır. Bizdə isə məhz cari qazanc məqsədləri üstün xarakter daşıyır. Rəqabət şəraiti önəmli rol oynamır”.
//Gülnarə Abasova, Editor.az