Qızın telefondakı şəklinə görə dostunu öldürdü — Sumqayıtda baş verən qətlin TƏFƏRRÜATIbackend

Qızın telefondakı şəklinə görə dostunu öldürdü — Sumqayıtda baş verən qətlin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində dostunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Mahir Dəmirovun cinayət işi.
Sumqayıt şəhər sakini Mahir Dəmirov həmyerlisi, 25 yaşlı Rəşid İbişovu bıçaqlayaraq öldürüb. Hadisə Sumqayıtda, 4-cü mikrorayon ərazisində baş verib.

Mahir Dəmirov çayxanada Rəşid İbişovla çay içib. Bu zaman Rəşid onun mobil telefonunda olan qız tanışlarından birinin şəkilini öz telefonuna köçürüb. Bu səbəbdən onların arasında mübahisə baş verib.

Mübahisəni davam etdirmək üçün Rəşid ondan çay evindən kənara çıxmağı tələb edib. O, Rəşidin təkidi ilə küçəyə çıxıb. Qəflətən hücum edən Rəşid Mahirə zərbələr endirib, nalayiq ifadələrlə onu söyüb.

Bundan qəzəblənən Mahir Dəmirov Rəşid İbişovu öldürmək qərarına gəlib. Üstündəki bıçağı çıxararaq Rəşidə çoxsaylı zərbələr vurub. Rəşid İbişov hadisə şahidlərinin köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası çatdırılıb. Ancaq yaralının həyatını xilas etmək mümkün olmayıb. O, hadisədən 2 gün sonra xəstəxanada dünyasını dəyişib. Mahir Dəmirov isə həbs edilib.

Mahir Dəmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, aprelin 8-də, saat 20-21 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən çayxanada dostu Nərimanla birlikdə çay içib: “Həmin vaxt Rəşid mənə zəng etdi. O, məni Sumqayıt şəhəri 4-cü mikrorayona çaya dəvət etdi. Mən də razılaşdım. Onunla avtodayanacağın yanında görüşdük və birlikdə “Eskadron” adlanan çayxanaya gəldik.

Rəşidlə stol arxasında yan-yana əyləşdik. Tural, daha sonra Nəriman da gələrək bir stolun ətrafında yığışdıq. Ümumi söhbətlər apararaq zarafatlaşarkən öz mobil telefonumdakı “tatuirovka” fotoşəklini Rəşidə göstərdim. Rəşiddən “tatuirovka”nı bəyənib-bəyənmədiyini soruşdum. Rəşid fotoşəkilə baxaraq “tatuirovka”nı bəyəndiyini bildirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəşid eyni zamanda mobil telefonun qalereyasında olan digər fotoşəkillərə də baxmağa başlayıb: “Qız şəklini görüb, onun kim olduğunu soruşdu. Həmin qızın tanışım olduğunu dedim. Qız açıq-saçıq geyimdə olduğundan Rəşidin xoşuna gəldi. Ona görə də şəkli öz telefonuna göndərəcəyini dedi. Mən onunla razılaşmadım. Rəşidə “qıza söz vermişəm, anamın canına and içmişəm ki, bu fotoşəkil ancaq məndə, mənim mobil telefonumda olacaq” deyə bildirdim. Telefonu Rəşiddən zorla almaq istədim. O bu hərəkətimi görüb “yaxşı, narahat olma, zarafat eləyirəm, sən öl, fotoşəkli köçürməyəcəm” dedi. Rəşidin “sən öl” vurması məni rahat saldığından telefonu geri qaytarmağa inad etmədim. Ancaq bir neçə dəqiqə sonra Rəşidin gülə-gülə “fotoşəkli öz telefonuma göndərdim” sözlərini deməsi mənə pis təsir etdiyindən əsəbləşdim.

Mahir Dəmirov qeyd edib ki, bundan sonra Rəşidlə mübahisə etməyə başladıq. O, mənim çölə çıxmağımı tələb etdi. Onunla küçədə əlbəyaxa olduq. Rəşid mənim jaketimin boynundan tutaraq boğa-boğa çayxanadan təxminən 10 metrə yaxın məsafəyə apardı. Xarici markalı avtomobilin yanında sifətimi şillələdi, başımı avtomobilin kabinasına vurmağa başladı, badalaq ataraq yerə yıxdı. Həmin vaxt çayxanada olan uşaqlar da küçəyə çıxıb, məni Rəşidin əlindən almağa cəhd etdilər. Onun anam haqqında dediyi sözlər mənə pis təsir etdi. Yarım oturaq vəziyyətdə belimdən bıçağı çıxararaq Rəşidin harasına gəldi vurdum və “bax indi gör, kim kimin anasını …” sözlərini işlətdim. Rəşidi zərblə vurarkən bıçağın tiyəsi əyildi. Zərbələrdən sonra Rəşidin əli boşaldı. O, təxminən 3-4 addım atdıqdan sonra yerə yıxıldı. Rəşidin yanında olan oğlan yaxamdan tutaraq “sən neylədin” deyə mənimlə mübahisə etdi. Ona məndən əlini çəkməsini tələb etdim və daha sonra hadisə yerindən 40-cı məhəllə istiqamətində getdim”.

Səhərisi gün isə Mahir Dəmirov polis bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə M.Dəmirov qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib.

Sumqayıt Apellyasiya Məhkəməsində Mahir Dəmirovun barəsində olan hökm qismən dəyişdirilib. Onun cəzasından 1 il çıxılaraq barəsində 10 il müddətinə cəza təyin olunub.

//Olke.az