Qlobal arenada “güc mübarizəsi”:Rusiya ilə Ukrayna arasında yaxın vaxtlarda sülhün əldə olunması gözlənilir?- ŞƏRHbackend

Qlobal arenada “güc mübarizəsi”:Rusiya ilə Ukrayna arasında yaxın vaxtlarda sülhün əldə olunması gözlənilir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki halda Rusiya ilə Ukrayna arasındakı mövqelərdə böyük fərqlər olduğu halda sülh real görünmür. Bu vəziyyət müharibə uzandıqca daha da genişlənir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Politoloq fikirlərinin Rusiya və Ukrayna rəsmilərinin verdiyi açıqlamalarda da öz təsdiqini tapdığını deyib:

“Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, ancaq rəsmi Moskvanın müəyyən şərtləri qəbul olunarsa, sülh danışıqlarına başlanıla bilər. Bu şərtlərə Rusiyanın neytrallığı, qeyri-nüvə dövləti statusunu alması, NATO-ya heç bir zaman üzv olmayacağı ilə bağlı öhdəlik götürməsi və mövcud ərazi reallığı ilə barışması daxildir. Yalnız bu təqdirində rəsmi Moskva sülh danışıqlarına başlaya bilər. Şərtlərdən də aydın olur ki, Ukrayna buna razılıq verməyəcək”.

Politoloqun sözlərinə görə, ən əsas məqamlardan biri Ukraynanın mövcud ərazi reallığını qəbul etməsidir:

“Bu da o anlama gəlir ki, Ukrayna öz ərazilərinin təxminən 15-20%-nin işğal altında olmasını qəbul etməlidir. Buraya Krım, Donetsk və Luqansk da daxildir. Sözsüz ki, rəsmi Kiyev heç vaxt işğal faktını qəbul etməyəcəyini, Moskvanın mövqeyi ilə barışmayacağını bildirib.
Sülh danışıqları üçün hər iki tərəfin prinsipial mövqeləri arasında böyük ziddiyyətin olduğunu görürük.  Müvəqqəti atəşkəslə bağlı danışıqların baş tutması mümkündür. Çünki müharibə uzandıqca hər iki tərəf həm hərbi, həm də iqtisadi cəhətdən xeyli zəifləyir. Onlar arasında müvəqqəti anlaşmalara gəlinə bilər. Məlumdur ki, birinci Qarabağ müharibəsindən sonra  Azərbaycan və Ermənistan arasında “Bişkek protokolu” imzalandı. Bu sülh sazişi deyildi. Çünki 20% torpaqları işğal altında olan rəsmi Bakı heç bir halda sülh sazişi imzalamazdı. Lakin həmin vaxt üçün atəşkəsin imzalanması lazım idi. Çünki Azərbaycanın iqtisadi və hərbi vəziyyəti çox aşağı səviyyədə idi. Eyni hal Rusiya və Ukrayna üçün də aktualdır. Azərbaycan Qarabağ münaqişəsini həll edib, torpaqlarını işğaldan azad edib və indi sülh sazişini imzalaya bilər. Amma Ukrayna ərazi bütövlüyünü bərpa etməyib və Rusiya da həmin ərazilərdən geri çəkilmək istəmir. Bu da real sülhü  imzalanmasını şübhə altında qoyur”.

Sultan Zahidov qeyd edir ki, proseslərdə aktivlik göstərən qüvvələrdən biri də Çindir:

“O, müharibənin hələ əvvəllərindən qərəzli mövqe sərgiləmiş, Rusiyanı “işğalçı” ölkə kimi dəyərləndirməmişdir. BMT ilə Avropa Şurasının Əməkdaşlıq qətnaməsinin lehinə səs verməsi isə Rusiya ilə Çin münasibətlərində ziddiyyətlərin olmasından qaynaqlanırdı. Digər tərəfdən də Pekin bu ilin fevralında Rusiya ilə Ukrayna arasındakı münasibətlərin tənzimlənməsi ilə bağlı 12 maddədən ibarət sülh planı irəli sürdü. Bura əsas sülh danışıqlarının bərpa edilməsi, hərbi əməliyyatlara son qoyulması, humanitar böhranın aradan qaldırılması və s. kimi maddələr daxil idi. Diqqətçəkən məqam isə maddələrin heç birində Rusiyanın işğalçı ölkə kimi göstərilməməsi və Ukraynanın ərazi bütövlüyü məsələsinə toxunulmaması idi. Bu da onun qərəzli mövqeyinin göstəricisidir. Ona görə də Çinin vasitəçiliyi mümkün deyil”.

Politoloq hesab edir ki, son dönəmlər qlobal arenada böyük güclər arasında çox intensiv güc mübarizəsi baş tutur:

“Bu isə özünü Rusiya-Ukrayna müharibəsi fonunda da göstərir. Bu müharibə əslində bir tərəfdən Çinə sərf edir. Çünki münaqişə onun iki əsas rəqibinin, Rusiya və ABŞ-ın zəifləməsinə gətirib çıxardır. Məlumdur ki, ABŞ-ın Ukraynaya ard-arda yardımlar göstərməsi onun iqtisadiyyatına da təsir edir. Çin Rusiyanın strateji müttəfiqi olduğu üçün böyük əhəmiyyətə malikdir. Qərb Çini rəqib kimi görsə də ticari, iqtisadi əlaqələrə önəm verdiyi üçün onu təcrid etmək istəmir. Çin isə əvvəlki yumşaq ritorikanı darmadağın edərək daha aqressiv siyasət yürüdür”.

//Safura Bənnayeva, Editor.az