“Azərbaycan dövlətinin Qarabağ problemini 44 gün sürən bir savaşla kökündən həll etməsi Cənubi Qafqazda təsir zonası yaratmaq istəyən bir sıra dövlətlərin, o cümlədən AB-nin də yuxusunu qaçırdıb. Qoca Avropa hiyləgər planlarından əl çəkmir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatlar verilir, digər tərəfdən Qarabağda fəaliyyət göstərən separatçılara yardımlar edilir. Avropanın və onun ayrı-ayrı strukturlarının ikili standartlara söykənən siyasəti təəssüf ki, davam edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
O, Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Joseph Borrelin son günlər verdiyi açıqlamalara diqqət çəkib:
” Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, sülh müqaviləsinin imzalanmasına mane olmaq, prosesi uzatmaq və bunula da öz maraqlarını təmin etmək niyyəti güdülür. Ukrayna xalqının faciəsi üzərindən Rusiyaya cəbhə açan Qərbin hərbi-siyasi institutları, ikinci cəbhəni Qafqaz xalqlarının hesabına açmaq niyyətindədirlər. Təəssüf ki, Ermənistanın yanlış siyasəti Cənubi Qafqazda uzunmüddətli sülhün və rifahın yaranmasına ciddi mane yaradır”.
Politoloqun sözlərinə görə, Qarabağda separatizmi uzun illərdir ki, dəstəkləyən Qərb bundan sonra da bu fəaliyyətindən əl çəkməyəcək:
“Odur ki, separatizmin kökünü kəsmək, Xankəndi üzərində Azərbaycan dövlətinin suveren hüquqlarını bərpa etmək səlahiyyətini dövlətimiz hər an özündə saxlayır. Son vaxtlar həm Ermənistan tərəfindən, həm də Qarabağda qanunsuz fəaliyyət göstərən hərbi birləşmələr tərəfindən təxribatların törədilməsi dövlətimizin səbr kasasını dolduran son damla ola bilər”.
//Gülnarə Abasova, Editor.az

