Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı qondarma “Abxaziya Respublikasının” sərt reaksiyasına səbəb olub.
Qondarma rejimin “Xarici İşlər Nazirliyi” Gürcüstanı “Abxaziya Respublikasını” suveren və müstəqil dövlət kimi tanımağa çağırıb.
Tbilisiyə həmçinin gücdən istifadə etməməyə dair hüquqi qüvvəyə malik sənəd imzalamaq təklif olunub. Son zamanlarda Gürcüstan və Rusiya arasındakı yaxınlaşmalar fonunda Moskvanın Abxaziya ilə münasibətlərindəki gərginlik də diqqət çəkir
Editor.az bildirir ki, Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, hazırda Gürcüstanda cərəyan edən proseslər diqqət mərkəzindədir:
“Bu ölkənin daxili siyasi vəziyyətinin öyrənilməsi vacibdir. Məsələ ondadır ki, Gürcüstanda baş verən geosiyasi vəziyyət uzun müddətdir qeyri-sabit şəkildə cərəyan edir. Həm daxili hakimiyyət uğrunda mübarizə, həm böyük güclərin nüfuz mübarizəsi, həm də separatizm Gürcüstanı regionun ən çətin durumdakı ölkəsi halına gətirir.
Təbii ki, bu vəziyyət qonşu dövlətlərə də təsirsiz ötüşmür. Region ölkələri üçün də risk faktoru daşıyır. Cənubi Qafqaz elə bir regiondur ki, burada baş verən hadisələr domino effekti yarada bilir”.
“Abxaziya subyekt separatçı və Gürcüstanın ərazi vahiddir. Yəni heç bir halda Tbilisi ilə bərabərhüquqlu adlana bilməz. Fikrimcə, vəziyyət belə davam edərsə, Gürcüstan da antiterror əməliyyatlarına başlaya bilər”, – politoloq bildirib.