“Qonşu ölkələrdəki mövcud problemlərdən Azərbaycan öz xeyrinə istifadə etməyi bacarmalıdır”-Tural Abbaslıbackend

“Qonşu ölkələrdəki mövcud problemlərdən Azərbaycan öz xeyrinə istifadə etməyi bacarmalıdır”-Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ilə başlanan müharibəni davam etdirmək üçün elan etdiyi “qismən səfərbərlik” ölkədə böyük əks-səda yaratdı. Digər tərəfdən İranda ayın 13-dən başlanan etiraz aksiyaları geniş vüsət alıb, çox insanın həyatını itirməsi ilə nəticələnir.

Azərbaycan qonşusu olduğu iki dövlətin belə gərgin vəziyyətində hansı aspektdən yanaşmalıdır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, qonşu ölkələrdə baş verən hadisələr istər-istəməz digər qonşulara da təsir edir:

“Burada müsbət və mənfi təsirlər də var. İstər Rusiyada, istərsə də İranda baş verən hadisələr Azərbaycana da həm pis, həm də yaxşı mənada təsir edir. Mənfini belə dəyərləndirə bilərik ki, heç bir ölkə qonşu ölkəsində stabilliyin pozulmasını istəməz. Çünki qonşu ölkə olduğumuza görə orada baş verən hadisələr bizim sərhədlərdə də özünü göstərə bilər. Azərbaycan da bununla bağlı öz ehtiyat tədbirlərini görməlidir. Rusiyada səfərbərliklə bağlı artıq Gürcüstan 18-55 yaş aralığında rus vətəndaşlarının ölkəyə daxil olmasını qadağan etmək barədə düşünür. Bu da həm Rusiya hökuməti ilə qarşı-qarşıya gəlməmək üçün, həm də nəzarətsiz axının qarşısının alınması üçün atılmış addımdır. Bənzər təhlükə Azərbaycanda da var. Azərbaycanda Rusiya vətəndaşı olan insanlar da bu ədalətsiz müharibəyə çağırılırlar. Azərbaycan da bu istiqamətdə müəyyən işlər görməlidir”.

Tural Abbaslı qeyd edir ki, İranda da vəziyyət eynidir:

“Orada bizim 40 milyondan artıq soydaşımız var və biz onların taleyindən narahatıq. Hadisədən siyasi anlamda fürsətlər də yaranır. Belə ki, Azərbaycanın regionda güclənməsi, Qarabağ probleminin birdəfəlik həll olunması və Türkiyə-Azərbaycan birliyinin Cənubi Qafqazda hegemon rola sahib olmasının qarşısında duran əsas qüvvələrdən biri  elə Rusiya və İrandır. Bunların öz daxilindəki problemlərə başlarının qarışması Azərbaycan və Türkiyəyə regionda siyasi fürsətlər yaradır. Bu vəziyyətdən yararlanmağı bacarmaq lazımdır. Hər iki ölkəyə aiddiyyatı mesajlar göndərmək və dövlət maraqları çərçivəsində müəyyən üstünlüklər əldə etməyə çalışmaq lazımdır. Güman edirəm ki, Xarici İşlər Nazirliyi bu istiqamətdə işləyir və dövlətimiz də lazımı addımlar atacaq. Biz həmin ölkələrin daxili vəziyyətlərinə də müdaxilə edə bilmərik. Amma necə ki onlar bizim ölkədə siyasi, iqtisadi proseslərə daxil olub fikir bildirirlər, biz də bu və ya digər formada onlara müdaxilə edə bilərik. Lakin bunu olduqca həssas şəkildə reallaşdırmalıyıq”.
 
//Safura Bənnayeva, Editor.az