Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır-Millət vəkilibackend

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Hərəkatın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışı zamanı mühüm məqamlara toxunub. Qoşulmama Hərəkatına Azərbaycan sədrlik etməyə başladığı vaxtdan təşkilatın inkişaf dinamikası birdən-birə sürətləndi. Hərəkata üzv ölkələr arasında dostluq münasibətləri xeyli inkişaf edib. Azərbaycan Prezidentinin sədrliyi  təşkilatın statusunu və nüfuzunu daha da yüksəklərə qaldırıb”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili qeyd edib ki, Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılması təsadüfi deyil:

” Gələcəkdə bu təşkilata rəhbərlik edəcək ölkə üçün işlər çox çətin olacaq. Çünki İlham Əliyev bu təşkilatın sədri kimi onun fəaliyyətini ən yüksək  səviyyəyə qaldırıb və təşkilatın öhdəlikləri layiqincə yerinə yetirilib. Bu isə ölkəmizin də nüfuzunun beynəlxalq arenada inkişafı deməkdir. 44 günlük Vətən müharibəsi dövründə QH-na üzv ölkələr Azərbaycanın haqq səsini dəstəkləməklə  yanımızda olduqlarını göstərdilər. Ədalətli mövqe tutan bu ölkələr həm də beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləmiş oldular. BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb”.

Vüqar İskəndərov bildirib ki, Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir:

“Qoşulmama Hərəkatı qlobal sülhə, əmin-amanlığa, tərəqqiyə dəstək verən təşkilatdır. Bu gün qlobal dünyada dondurulmuş konfliktlərin həllində mühüm yer alır. Hər kəsə məlumdur ki, dünya ölkələri arasında bir çox istiqamətdə ədalətsizlik hökm sürür. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında varlı və güclü ölkələri ədalətli olmağa səsləyir. Biz bu ədalətsizliklərin dünyanı cənginə alan COVİD-19 pandemiyası dövründə də şahidi olduq. Azərbaycan pandemiyaya qarşı mübarizədə faydalı beynəlxalq təşəbbüslər irəli sürdü. Bundan sonra da Azərbaycan təşkilata sədrliyini  davam etdirəcək”.

//Gülnarə Abasova, Editor.az