Qoşulmama Hərəkatının Bakı sammiti Cənubi Qafqazdakı proseslərə necə təsir edəcək?-ŞƏRHbackend

Qoşulmama Hərəkatının Bakı sammiti Cənubi Qafqazdakı proseslərə necə təsir edəcək?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-dən 3- dək Azərbaycanda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Öncə onu deyək ki, 2019- cu ildən sözügedən quruma sədrlik edən Azərbaycan ötən müddət ərzində böyük uğurlara nail olmaqla yanaşı, həm də təşkilatın nüfuzunun yüksəlməsinə töhfə verib. 2019- cu ildən bəri Covid-19- a qarşı mübarizə, gənclər siyasəti mövzularında Qoşulmama Hərəkatının müxtəlif sessiyaları təşkil olunub. Sammitlərin əsas mövzularından biri də şübhəsiz ki, daim Ermənistan – Azərbaycan münasibətləri olur.

Bu dəfəki zirvə görüşü də bu baxımdan istisna olmadı. Dünyanın 70-ə yaxın ölkəsinin iştirak etdiyi sammit çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun bir sıra rəsmi görüşlər keçirdilər. Həmin görüşlərdə ikitərəfli əlaqələr, humanitar məsələlərlə yanaşı, Ermənistan – Azərbaycan münasibətləri də müzakirə mövzusu oldu. Əlbəttə, bu, heç də təsadüfi deyil. Çünki Cənubi Qafqazda baş verən proseslər təkcə regional siyasi aktorları deyil, dünya dövlətlərinin əksəriyyətini maraqlandırır.Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflər arasında imzalanacaq sülh müqaviləsindən sonra regionda sülh və sabitlik, həmçinin əməkdaşlıq mühiti təmin olunacaq. Bu isə yeni iqtisadi layihələrə şərait yaradacaq. Dünya dövlətlərinin bir çoxu, o cümlədən Qoşulmama Hərəkatı üzvləri Qarabağın minalardan təmizlənməsində, Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Bu, hər şeydən əvvəl iqtisadi – ticarət maraqları ilə bağlıdır. Bu mənada iki gün davam edən görüşlərdə Cənubi Qafqazdakı son durumun gündəlikdə olması heç də əbəs deyildi.

Prezident İlham Əliyev sammitdəki çıxışında deyib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Ermənistanın mina terroru zaman-zaman müxtəlif kürsülərdən dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Qoşulmama Hərəkatının iclasında bu məsələnin növbəti dəfə qaldırılması həm də beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının “dişsizliyindən” xəbər verir.

Təsadüfi deyil ki, dövlət başçısı iclas zamanı həm də BMT Təhlükəsizlik Şurasının fəaliyyətindən danışıb. Azərbaycan lideri sözügedən qurumun bu gün səmərəli olmadığını söyləyib. Əslində BMT-nin fəaliyyətinin lazımi səviyyədə olmaması bizə yaxşı tanışdır. Belə ki, BMT Təhlükəsizlik Şurası 30 il ərzində erməni işğalına səssiz yanaşmış, özlərinin qəbul etdiyi qətnamələrin icrasını yerini yetirməmişdilər. Bu məsələnin müxtəlif beynəlxalq kürsülərdə qaldırılması beynəlxalq ictimaiyyətin diqqətini ədalətin bərpa olunmasına çəkmək baxımından olduqca mühümdür. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində beynəlxalq hüquq prinsipləri həmişə prioritet olub. Biz daim xarici siyasətdə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin tərəfdarı olmuşuq. Lakin dünya dövlətlərinin bir çoxunun rəsmi Bakıya münasibəti təəssüf ki, adekvat olmayıb.

Azərbaycan lideri çıxışında, həmçinin Fransanın xarici siyasət kursundan danışıb. Dövlət başçısı Qoşulmama Hərəkatı adından bildirib ki, Fransa qanlı müstəmləkə cinayətlərinə, soyqırım aktlarına görə üzr istəməlidir. Nəzərə almaq lazımdır ki, rəsmi Paris xarici siyasətində riyakar davranır. Fransanın Cənubi Qafqazdakı proseslərə, o cümlədən Azərbaycan həqiqətlərinə münasibəti bunun ən bariz nümunəsidir. Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri də Qoşulmama Hərəkatı ilə bağlı olub.Dövlət başçısı söyləyib ki, Qoşulmama Hərəkatı yeni dünya nizamının yenidən formalaşmasında fəal iştirak etməlidir. Azərbaycan 2019-cu ildən bəri Qoşulmama Hərəkatının inkişafında, bu qurumun nüfuzunun artmasında mühüm işlər görüb. Təsadüfi deyil ki, az qala, bütün üzv dövlətlər bu istiqamətdə rəsmi Bakının fəaliyyətini təqdir edirlər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyeyev həmkarı İlham Əliyevlə görüşündə dedi ki, Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. O, Zirvə görüşündəki çıxışında isə söyləyib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq aləmdə nüfuzu kəskin şəkildə artıb. Hər iki bəyanat ölkəmizə olan etimadın, inamın təzahürü olmaqla yanaşı, həm də bizim uğurlu diplomatiyamızın nəticəsidir.
Sammit həm də liderlərin görüşü üçün yaxşı fürsət oldu. Prezidentlər Zirvə görüşündən istifadə edərək ikitərəfli və regional əlaqələri müzakirə edə bildilər.

Əminliklə demək olar ki, Sammit Azərbaycanın beynəlxalq siyasətdəki prioritetlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, mövqeyimizin bir daha ortaya qoyulması baxımından mühüm əhəmiyyət kəsb etdi.

//Samir Qurbanov, Editor.az