Qubad İbadoğlu: Ermənilər köçün qarşısını almaq üçün yalanlar uydurur, saxta videolar paylaşırlarbackend

Qubad İbadoğlu: Ermənilər köçün qarşısını almaq üçün yalanlar uydurur, saxta videolar paylaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vətən müharibəsinin hər günü 1 ilə bənzəyən dördüncü günü başlayır. Əsgərlərimizin rəşadəti nəticəsində torpaqlarımız yağılardan azad olunur, cəbhədəki uğurlar düşməni səksəkə içərisində saxlayır”.
Sfera.az xəbər verir ki, bunu ictimai-siyasi xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbadoğlu şəxsi “Facebook” hesabında yazıb. O bildirib ki, artıq Xankəndindən, Ağdərədən köç başlayıb. Ermənilər köçün qarşısını almaq üçün müxtəlif yalanlar uydurur, saxta videolar paylaşır, hər cür hiyləyə əl atırlar:
“Hər gün Azərbaycanın itkiləri barədə şişirdilmiş məlumat verir, özlərinin tələfatları barədə rəqəmləri kiçildirlər. Bütün bunlarla Qarabağda qorxu içərisidə yaşayanlara təsəlli verib, onları sakitləşdirməyə çalışırlar. Uğursuzluqlarını Türkiyənin müharibəyə qatılması ilə izah edir, onu isbat etmək üçün fərziyyələr uydururlar. Guya ki, ermənilərin SU-25 təyyarəsi türklərin F-16 qırıcı təyyarəsi tərəfindən vurulub, Qarabağa vuruşmaq üçün Suriyadan muzdlular gətirilib. Halbuki özləri Rusiya və İrandan silah sursat alır, onların informasiya və siyasi-iqtisadi dəstəyindən istifadə edirlər. Bir sözlə, biz haqlı olduğumuz bir zamanda ermənilər bizi haqsız çıxarmağa çalışırlar. Odur ki, nəzərə almalıyıq ki, ordu döyüşü, müharibəni isə xalq aparır. Eyni zamanda unutmamalıyıq ki, hazırkı müharibənin uğurunun yarısı da bizdən asılıdır. Bunun üçün biz ilk növbədə ölkədə vətən müharibəsinin başlamasının fərqinə varmalıyıq, ordumuza güvənməliyik, erməni yalanlarını ifşa etməliyik, müharibə nə qədər acı və ağrılı olsa da gələcəyə nikbin baxmalıyıq, milli ruhumuzu yüksəkdə saxlamalıyıq, şəhid ailəsinə diqqət və qayğı göstərməliyik ki, əsgər və zabitlərimiz mənəvi dəstək alsınlar”.
Q. İbadoğlu hesab edir ki, Müdafiə Nazirliyi ordunun uğurları barədə daha operativ və geniş açıqlamalar verməli, hər gün rəşadətli əsgərlərimizin sıradan çıxardığı texnikalar, silah və sursatlar, məhv etdiyi canlı qüvvə barədə informasiyaaları ictimaiyyətlə bölüşməlidir:

“Yekun olaraq, şəhidlərimizə rəhmət oxuyur, ordumuza güc-qüvvət arzulayıram ki, torpaqlarımızı yağılardan azad, Azərbaycanı müharibədə qalib etməklə, bütün şəhidlərin ruhlarını şad etsinlər”.