Haitidə quldurlar ölkənin mərkəzində yerləşən Mirebalais şəhərini ələ keçiriblər. Bütün məhbuslar yerli həbsxanadan buraxılıblar.
Editor.az bildirir ki, bu barədə Radio RFM 104.9 özünün X səhifəsində xəbər verir. “Rezo Nodwes” portalının məlumatına görə, dünən, martın 31-i axşam saatlarında yüzlərlə yaxşı silahlanmış cinayətkar şəhərə soxulub. Xeyli sayda məhkum azadlığa buraxılıb. Bundan əlavə, quldurlar bir neçə nəfəri öldürüb və polis bölməsini yandırıblar.
Ölənlərin dəqiq sayı barədə məlumat verilmir. Polis əməkdaşlarının qaçmağa müvəffəq olduğu dəqiqləşdirilir.
Portal yazır ki, bu fövqəladə hal polis rəhbərliyinin səriştəsizliyini nümayiş etdirib. Quldurların həftələrdir şəhəri ələ keçirməklə hədələdiyi və yerli sakinlərin təhlükəsizliyin gücləndirilməsini tələb etdiyi halda səlahiyyətlilər heç bir tədbir görməyib. Hücumdan sonra Haiti Milli Polisi “şəhərdə asayişi bərpa etmək” və “quldurların cinayət əməllərinə mütənasib cavab vermək” üçün Mirebalaisə xüsusi qüvvələr göndərdiyini açıqlayıb.
Qeyd edək ki, 2024-cü ilin martında Haitidəki cinayətkar dəstələr hökumət məhəlləsinə hücum edərək polis bölmələrinə, Daxili İşlər Nazirliyinin binasına və prezident sarayına hücum etmişdilər. Onlar həmçinin Port-o-Prensdəki həbsxana binasına basqın edib və oradan 4000-ə yaxın məhbus qaçıırmışdılar.
//Samir Qurbanov, Editor.az