backend

"Bu qədər söz-söhbətlər mənə təsir etdi" – Əfran İsmayılov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Qarabağ” klubunun və millimizin futbolçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb:
– Çətin qələbə qazandıq. Çünki heyətdə çox dəyişiklik var idi. Bizdə birinci, ikinci heyət söhbəti yoxdu. Hamısı eyni səviyyəli futbolçulardı. Yaxşı oyun göstərərək qələbə qazandıq. Ancaq hələ hər şey həll olunmayıb. Finala yüksələn komandanın adı cavab matçından sonra bilinəcək.
– Ancaq səfərdə qazanılan 2:0 hesablı qələbə böyük üstünlükdür.
– Düzdür, amma Azərbaycanda səfər anlayışı yoxdur. Bakının içində oynayırıq. Futbol gündən-günə inkişaf edir. 0:4 hesabı ilə məğlub olan komanda cavab matçında 6 qol vurur. Əsas odur ki, rahatlaşmayaq.
– Yarımfinalın digər matçında da “Qəbələ” “İnter” üzərində qələbə qazandı…
– “Qəbələ” həm çempionluğa, həm də kuboka çox iddialıdır. Ancaq biz bunu fikirləşmirik. Əvvəlcə öz oyunumuzu düşünməliyik. Kim güclüdürsə, o da qalib gəlsin.
– Millidəki oyununa görə çox tənqid olundu. Səncə, nə baş verir?
– Mən sosial şəbəkələrdə uzaq adamam. Oradan-buradan eşidirəm ki, söhbəti çox şişirdirlər. Deyirlər ki, səni vətən xaini elan edəcəklər. Bu, qədər də yox da. Söhbətin bu qədər şişirdilməsinin yeri yox idi. Düzdür, səhv etdim. Robert Prosineçki və Qurban Qurbanov da bildirdi ki, burada belə etmək lazımdır. Mən də başa düşdüm. Bu qədər söz-söhbətlər mənə təsir etdi.
– Xüsusən də almanların ikinci qoluna görə daha çox tənqid olundun…
– Qarşımızdakı rəqib Almaniyadır. Sizi inandırım ki, rəqib tam gücünü ortaya qoymamışdı. 30-40 faiz gücü ilə oynayırdı. Biz 14-15 km qaçdıq, amma Toni Kross 3-4. Ağıllı futbol oynayırdılar. Mən istəmirəm ki, Almaniyanı udaq? Bunu hamıdan birinci mən istəyirəm. Kimliyindən asılı olmayaraq, futbolçu stabil oynamır. Almaniyaya qarşı oynadığımız kimi Şimali İrlandiyaya qarşı oynasaq, bizim üçün yaxşı olacaq.
///goal.az