“Qurdlar süfrəsinə yem olan” Gürcüstan…-Fərid Şahbazlının yazısıbackend

“Qurdlar süfrəsinə yem olan” Gürcüstan…-Fərid Şahbazlının yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir ölkə “qurdlar süfrəsinə yem olmağa” yaxındır. Söhbət əlbəttə ki, Gürsüstandan gedir. Bəli, dost və qonşu Gürcüstanda “kələfin ucu” itib. Aləm bir-birinə qarışıb. Hökumət qüvvələri ilə müxalifət arasında qarşıdurma pik həddə çatıb. Fasiləsiz davam edən kütləvi etirazlar zamanı çox sayda xəsarət alanlar və həbs olunanlar var. Tbilisinin mərkəzində etiraz aksiyalarının iştirakçıları tərəfindən zorakılıq hallarının sayı durmadan artır. Hakimiyyət strukturlarında və Gürcüstanın Avropa ölkələrindəki diplomatik korpusların rəhbərləri bir-birinin ardınca istefa verir.

Hər şey bu yaxınlarda ölkədə keçirilən seçkilərdən və Gürcüstan hakimiyyətinin Avropa İttifaqı (Aİ) ilə 2028-ci ilə qədər bu ittifaqa üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarından sonra başlayıb.
Analitiklərin sözlərinə görə, bu qərarı qəbul etməklə hakimiyyət əslində qabaqlayıcı addım atıb. Belə ki, etibarlı mənbələrin yazdığına görə, dekabrın 16-da Avropa Komissiyası Gürcüstanla danışıqlardan imtina etdiyini elan etməklə, ölkədə iğtişaşlar törətməyi palanlaşdırırmış. Gürcüstan hakimiyyətinin qərarı onların bütün planlarını alt-üst edib və onlar da bunu həzm edə bilmir. Odur ki, bütün vasitələrlə ölkəni qarışdırmağa, vətəndaş müharibəsi və dövlət çevrilişi təşkil etməyə, son nəticədə onların yediyində gedən birini taxta oturtmağa nail olmağa çalışırlar.

Qeyd etmək yerinə düşər ki, vaxtilə Avropa bu ssenarini Azərbaycanda da həyata keçirmək istəmişdi. Lakin baş tutmamışdı. Azərbaycan xalqı və hakimiyyəti buna izn verməmişdi. Avropa İttifaqı, NATO, “xoşbəxt gələcək” və s. kimi gözqamaşdırıcı vədlərlə şirnikləndirilən Ukrayna isə çox asanlıqla onların qarmağına keçdi, hansı ki, indi parçalanma, bir dövlət kimi mövcudluğunu itirmə təhlükəsi ilə üz-üzə qalıb.

Bir dəfə – 2008-ci ildə Qərbin dağıdıcı oyunlarına alət olan Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı itirdi. İndi isə bütövlükdə Gürcüstanın yox olmaq təhlükəsi yaranıb. Bu barədə baş nazir İrakli Kobaxidze də xalqa son müraciətində xəbərdarlıq edib. O, qeyd edib ki, ölkədə baş verən haisələrə görə bütün məsuliyyət avropalı siyasətçilərin, bürokratların, eləcə də onların Gürcüstandakı agentlərinin – radikal müxalifət partiyaları şəklində “beşinci kolon”un üzərinə düşür. Onlar və onların havadarları sabitliyi pozmaq, xaos yaratmaq, Gürcüstanı “ukraynalaşdırmaq” üçün hansısa bir səbəb uydurmağa çalışırlar.

Lakin “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilməyəcək. Çünki son üç ildə Gürcüstan cəmiyyətinin şahidi olduğu bu cür yalanlar və ikiüzlülük gürcülərin Avropa institutlarına inamını sarsıdıb,- deyə baş nazir bildirib.

Sonda Avropa “pərəstişkarlarına” bir tarixi həqiqəti xatırtlamaq yerinə düşər: zahirən “demokratiya beşiyi” kimi görünən bu günki Avropa əslində bir xəyanət yuvasıdır. Bu günkü Avropa böyük mənada LGBT deməkdir, riyakarlıq deməkdir, irqçilik, qan-qada, müharibə, savaş, münaqişə deməkdir. Bu günkü Avropa, milli və dini dəyərlərin ayaq altına atılıb tapdandığı bir məkandır. Onlar bizi olduğumuz şəkildə, malik olduğumuz dəyərlərlə qəbul etmək niyyətində deyillər və heç vaxt qəbul etməyəcəklər.

“Avropa” olmağımız üçün hər şeydən əvvəl hamımızın manqurtlaşması, “Məhəmməd Mirzəli”, “Tural Sadıqlı”, “Sevinc Osmanqızı” olmağımız gərəkdir. 30 ildən artıqdır ki, Aİ-nın qapıları arxasında gözləyən və deyərdim ki, Avropanın özündən qat-qat demokratik olan Türkiyənin taleyi dediklərimizə əyani sübutdur.

Bu səbəbdən də gəlin özümüz olaq, bir olaq, birlik olaq, dinimiz, dilimiz, əxlaqımız, milli və bəşəri dəyərlərimizlə güclü Azərbaycan olaq. O zaman Avropa özü bizə doğru gələcək!

Fərid Şahbazlı
Siyasi şərhçi