Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Pandemiya dövründə bağlanan quru sərhədlərinin may ayının 1-də açılacağı barədə məlumat yayılsa da, bu baş vermədi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, hazırkı real vəziyyətdə həm pandemiya təhlükəsi, həm də regionda ciddi qarşıdurmalar şəraitində quru sərhədlərin açılması doğru deyil:
” Çünki hər bir dövlətin ən başlıca vəzifələrindən biri vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Hazırkı dövrdə biz təhlükəsizliyimizi qurban verməməliyik, qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə davam etməliyik. Vətəndaşlarımız da gərək anlayışlı olsunlar. Zamanla pandemiya təhlükəsi sovuşduqca və regiondakı qarşıdurmalar həll olunub qaydaya düşdükcə həm vətəndaşlarımızın, həm də xarici vətəndaşların ölkəmizə giriş-çıxışı ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması üçün quru sərhədlər açıla bilər. Hesab edirəm ki, hər bir dövlət üçün ən vacib məsələlərdən biri məhz təhlükəsizliklə bağlıdır”.
//Gülnarə Abasova, Editor.az

