Ramazan ayı ilə bərabər sərt karantin də başlayır – Qapanma olacaqbackend

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır – Qapanma olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayının başlanması ilə bağlı sərt karantin qaydalarının tətbiqi ehtimalı artır. Saytın etibarlı mənbədən aldığı məlumata görə, artıq buna hazırlıq gedir.

Buna səbəb kimi Ramazan ayında insanların daha çox bir yerə toplaşacağı, ünsiyyətin artacağı göstərilir. Mənbə deyir ki, dini ayinlərin icrasından insanları çəkindirmək asan deyil: “İslam dini sosial aktiv dindir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Bu ayda evlərdə, məscidlərdə kütləvi iftar süfrələri qurulur, adamların bir-biri ilə fiziki ünsiyyəti çoxalır. Hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının pikini yaşadığımız bir dövrdə Ramazanda qapanma olmasa, yoluxmanın sürətlə artacağı riski var. Hazırda da bu rəqəm çox böyükdür- 2000-lərin üzərindədir. Ölüm sayı üçrəqəmli göstərici ilə ifadə olunur. Hər gün 32-35 nəfər itiririk. Bu, Azərbaycan kimi ölkə üçün çoxdur. Həm də son həftələrin rəqəmlərinin təhlili göstərir ki, istər yoluxma, istərsə də ölüm sayı artan dinamika ilə gedir”.

Mənbə bildirir ki, Ramazan ayında oruc tutanların immunitetinin azalması fonunda kütləvi ünsiyyət ciddi narahatlıq doğurur: “İnsanların sağlamlığına daha böyük təhlükə yaranması ilə bağlı hökumətdə narahatlıq var. Təhlillər göstərir ki, ötən ilin Ramazan ayında da qapanma olub və sonrakı aylarda yoluxma və ölüm sayları kəskin aşağı düşübş. Əgər o dövrün rəqəmlərinə baxsaq, bunu aydın görərik. İndiki halda hökumət əvvəlki dövrün müsbət təcrübəsini və indiki yoluxma səviyyəsini təhlil edir. Böyük ehtimalla, Ramazan ayında sərt qapanmaya getmək qaçılmaz olacaq. “Sağlam bədəndə sağlam ruh olar” deyirlər. Hər kəsin inancına hörmət var. Ancaq dini ayinlərin icrası insanların sağlamlığını və hətta həyatını təhdid edəcək səviyyədə olmamalıdır. Ona görə də insanlar həyatda qalmalıdır ki, öz inancını da yaşasın, ibadətini də etsin. Nüfuzlu din xadimləri, din alimləri də bu fikirdədir”.

Peyvənd - Həkim iynə

Ancaq bununla yanaşı məlumat var ki, peyvəndin hər ikisi dozası vurulmuş insanlara müəyyən imtiyazlar da veriləcək. TƏBİB-in rəhbəri Ramin Bayramlı da demişdi ki, iyuna qədər əhalinin 80 faizinə peyvənd vurulacaq. Son vaxtlar bu kampaniya sürətlənib. Peyvənd vurulacaq insanların yaş həddi də aşağı salınıb. Doğrudur, müxtəlif informasiya axınlarının təsiri altında v eləcə də, insanların öz fərdi psixoloji momentlərinə görə, bir çoxlarında hələ də peyvəndlərin effektivliyinə inamsızlıq, həta qorxu da var. Ancaq buna baxmayaraq, peyvəndlənmə prosesi proses kütləvi xarakter almağa doğru gedir. ABŞ-da Avropa ölkələrində aparılmış təhlillər də göstərir ki, keçmiş Sovet İttifaqı dövründə yaşamış miqrantlar müxtəlif yoluxucu xəstəliklərə daha dözümlü olublar. Buna da səbəb keçmiş SSRİ-də kütləvi peyvındlənmə ilə bağlı idi.

Mənbəmiz hesab edir ki, yoluxma zəncirini qırmaq və yoluxma, ölüm dinamikasını dayandırmaq üçün sərt qapanmadan və paralel olaraq, peyvəndlənmədən başqa yol yoxdur: “Bir çoxları narazılıq edirlər ki, Operativ Qərargah gah karantinə gedir, gah yumşalmaya gedir. Bunun səbəbi aydındır: yoluxma sayından və ölüm təhlükəsindən asılı olaraq bu cür addımlar atılır. Xarici ölkələrdə də belə tədbirlər görülür; yoluxma və ölüm çox olanda sərt karantinə gedirlər, az olanda yumşalma da olur. Burada qeyri-adi bir şey yoxdur. Əhalinin sağlamlığı hər şeydən daha önə çəkilir. İndiki dövrdə də belə bir vəziyyət yaranıb. İnsanların həyatına təhlükə artdığı üçün sərt qapanma qaçılmazdır”.

//Bizimyol.info