Ramazan matəm ayı deyil: “Bara əylənmək üçün gedən insanlara “əxlaqsız damğası” vurmaq…”backend

Ramazan matəm ayı deyil: “Bara əylənmək üçün gedən insanlara “əxlaqsız damğası” vurmaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Bakıda gecə klublarının birində baş verən bədbəxt hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Partlayışla  bağlı sosial şəbəkələrdə, ictimaiyyət arasında insanların fərqli fikirlərinin şahidi olduq. Hansı ki bəziləri bu hadisəni Ramazan ayı ilə əlaqələndirib insanların Allahın qəzəbinə tuş gəlməsini bildirərək hadisədə ölən və yaralananların halına sanki sevinir, bəziləri isə bu fikirlərə qətiyyətlə qarşı çıxır.

Maraqlıdır, dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda cəmiyyətin əksər hissəsinin bir çox şeyi dinlə əlaqələndirməsi doğrudurmu?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında hadisənin dinlə əlaqələndirilməsinin kökündən yanlış olduğunu bildirib:

“Baş verən hadisədə hansısa dini motiv axtarmaqdan çəkinməliyik. Bunu nə din bəyənir, nə də bizim mental düşüncəmizə uyğundur. Hadisəni dinlə və ya başqa siyasi səbəblə bağlamağın heç bir əsası yoxdur. Hər kəs özünə görə məsuliyyət daşıyır. Belə bədbəxt bir hadisədə Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara tezliklə şəfa diləməliyik. Hadisənin xüsusilə Ramazan ayı ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Belə məsələlərdə yanaşma düzgün olmalıdır”.

Sosioloq Lalə Mehralı isə Editor.az-a bildirib ki, “əyləncə” anlayışını məhdud çərçivəyə salmağı doğru hesab etmir:

“İnsanların sayı qədər əyləncə növü var. Hər kəs üçün bu fərqlidir. Kimi əyləncəni parkda yürüş etməkdə, kimisi isə kinoya, teatra getməkdə görür. Bara əylənmək üçün gedən insanlara “əxlaqsız damğası” vurmaq doğru deyil. Bu tip rəy yazanlar ya küyə gedir, ya da nə yazıdığını dərk etmir. Gecə klubunda rəqs etmək, vaxt keçirmək gənclərin əyləncə seçimidir. Buna heç kəs qarışa bilməz. Orada istirahət edən şəxs kiməsə qarşı cinayət törətmir, sağlamlığina ziyan vurmur, təhlükə altında qoymur. Belə bir hadisə təkcə gecə klubunda deyil, məsciddə  və ya hansısa bir müəssisədə  baş verə bilər. O zaman məsciddə partlayış olsa, həlak olan insanlar şəhid statusu alacaqdı”.

Sosioloqun sözlərinə görə, gecə klubunda əylənən insanları  təhqir etmək onların şəxsi həyatına birbaşa müdaxilə etməkdir:

“Başqasının həyatına qarışmaq ixtiyarı heç kəsə verilməyib. Ramazanda “əylənmək” və “əylənməmək” kimi bir anlayış yoxdur. Ramazan matəm ayı deyil, müsəlmanların bayram ayıdır. Bu ayda hamının qara geyinib yas tutması ilə bağlı heç biryerdə qanun-qayda yoxdur. Kimisi gecə klubunda əylənir, kimi də evində ailəsi ilə əylənir. Hesab edirəm ki, bunu islamla, müsəlmançılıqla əlaqələndirib din tərəfdarı arasında qarşıdurma yaratmaq təhlükəlidir”.

//Gülnarə Abasova, Editor.az