Ramid Hüseynov: Xalq Cümhuriyyəti azadlıq, müstəqillik və demokratik düşüncənin əsasını qoydubackend

Ramid Hüseynov: Xalq Cümhuriyyəti azadlıq, müstəqillik və demokratik düşüncənin əsasını qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Azərbaycan Xalq Cümhüriyyətinin yaradılması dövlətçilik tarixinin mühüm mərhələsi olmaqla, xalqın azad düşüncəsinin, özünüdərkinin formalaşmasına, müstəqil, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına nail olmasına imkan yaratdı. Xalq Cümhuriyyətinin təməl prinsiplərində müasir, sivil, demokratik dəyərlərin dayanması heçdə təsadüfi deyildi. Bu daha çox onun yaradıcılarının yüksək intelektə, aristokrak düşüncəyə, milli-mənəvi dəyərlərə, idarəetmə bacarığına və vətənpərvərlik duyğularına malik ziyalılardan ibarət olması ilə izah oluna bilərdi. Çox çətin bir şəraitdə, ciddi təzyiqlərin təsiri altında, heç də geniş olmayan imkanlarla Şərqin ilk demokratik dövlətini qurmaq o dövr üçün böyük cəsarət tələb edirdi”.

Bu sözləri 28 may- Respublika günü ilə bağlı Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.

O, bildirib ki, 23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir: ”Bəzi xarici dövlətlərin Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan vermək istəməmələri, xüsusilə də erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində yaratdıqları qarşıdurmalar, xalqımıza qarşı törətdikləri vəhşiliklər, həmçinin parlament daxilində hökm sürən hərc-mərclik Azərbaycan Xalq Cümhuriyyətinin normal fəaliyyət göstərməsinə ciddi mənfi təsir göstərirdi. Lakin buna baxmayaraq, müsəlman aləmində ilk demokratik respublika olan AXC öz dövlətçilik atributlarını qəbul etməyi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmağı bacardı. Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalamağa, demokratik institutlar təsis etməyə, siyasi islahatlar keçirməyə, dövlət himnimizi, milli bayrağımızı təsdiq etməyə nail oldu”.

Politoloq qeyd edib ki, “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətin əsas atributları sayılan hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, milli, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin azad bərabər yaşaması, inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyətin bölünməsi prinsipləri hüquqi cəhətdən təsbit edildi. Region dövlətləri ilə qarşılıqlı anlaşma, dostluq şəraitində yaşamağa üstünlük verilməsi xarici siyasətin əsas prioritetini təşkil etdi. Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şəraitdən irəli gələrək, əldə edilmiş müstəqilliyin qorunması üçün həm də ordu quruculuğu, hüquq-mühafizə sistemi sahəsində də fəal siyasət həyata keçirildi.

Ramid Hüseynovun sözlərinə görə, qısa bir ömrü boyu bəlkə də müasir dövlətlərin illərlə qazana bilmədiyi nailiyyətlərə imza atması məhz düzgün strategiyanın, möhkəm iradənin, peşəkar idarəetmənin və ədalətli yanaşmanın nəticəsi idi: ”Məhz sağlam təməllərə əsaslanan idarəetmə ümumilikdə Azərbaycan xalqının sonrakı dövr üçün azadlıq, müstəqillik və demokratik düşüncəsinin əsasını təşkil etdi. O xalq ki, 70 il müddətində totalitar, diktatura rejimində yaşamasına rəğmən yenidən öz sələflərinin qazandıqlarını bərpa etməyi bacardı. İllərlə aparılmış ideoloji təsirlər, xalqımızın keçmişini, milli dəyərlərini, milli məfkurəsini unutdurmaq cəhdləri heç bir nəticə vermədi. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı sələfilərinin yolunu davam etdirməklə, sivil dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini nümayiş etdirdi”.

Editor.az,  Gülnarə Abasova