Ramil Həsən: “Zəngəzur dəhlizinin açılması böyük imkanlar yaradacaq”backend

Ramil Həsən: “Zəngəzur dəhlizinin açılması böyük imkanlar yaradacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib. Milli Məclisin deputatı Ramil Həsən görüşdə iştirak edib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov türkdilli ölkələr arasında münasibətlərin əhəmiyyətindən danışıb.

Qonağı görüş iştirakçılarına təqdim edən Bəxtiyar İslamov bildirib ki, Ramil Həsən uzun müddət YAP Gənclər Birliyinin sədri olub, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində çalışıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Ramil Həsən əvvəlcə YAP Gənclər Birliyinin yeni heyətinə uğurlar arzulayıb. Ramil Həsən bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində Türk Şurasının yaradılması tarixi hadisədir. Ötən dövr ərzində Türk Şurasının səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran millət vəkili bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib: “Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Son Zirvə görüşündə də Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi ilə vurğuladı”.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər daha sıxdır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər ulu öndər Heydər Əliyevin bəyan etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Vətən müharibəsi başlayarkən Türk Şurası da bəyanat verərək Azərbaycana dəstəyini ifadə edib. Biz bunu yüksək dəyərləndiririk.

Ramil Həsən qeyd edib ki, mart ayında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Bu, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Təsadüfi deyil ki, Türk Şurasına üzv dövlətlərin başçıları Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və münaqişənin sona yetməsini alqışlayıblar.

Millət vəkili Zəngəzur dəhlizinin açılmasının da tarixi əhəmiyyətindən bəhs edib: “Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da artmasına gətirib çıxaracaq. Bu dəhlizin təkcə iqtisadi yox, siyasi, mədəni və mənəvi baxımdan da önəmi böyükdür. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını da ifadə edirlər”.

Ramil Həsən söyləyib ki, türkdilli dövlətlərin qarşılıqlı səmərəli fəaliyyəti Türk Şurasının beynəlxalq müstəvidə də mövqelərini gücləndirir. Bu baxımdan, gələcəkdə türkdilli ölkələrin birliyi daha da güclənəcək və Türk Şurası beynəlxalq münasibətlər sistemində mühüm rol oynayacaq.

Tədbirdə daha sonra millət vəkili gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.