AXCP sədri və Milli Şura lideri Əli Kərimlinin “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılması siyasi gündəmin əsas mövzusuna çevrilib.
Musavat.com-un mötəbər mənbələri sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləyərək bildiriblər ki, saxlanılma Mehdiyevlə ehtimal edilən siyasi əlaqələrin araşdırılması istiqamətində aparılan istintaq tədbirlərinin bir hissəsidir.
Prosesin hüquqi qiymətləndirilməsi davam edir və yaxın günlərdə əlavə məlumatların açıqlanacağı istisna olunmur.
Xatırladaq ki, Səbail rayon Məhkəməsi sabiq PA rəhbəri Ramiz Mehdiyev barəsində xüsusilə ağır maddələrlə ittiham irəli sürərək onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (külli miqdarda çirkli vəsaitlərin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
İstintaq versiyasına görə, onun Rusiyanın xüsusi xidmət orqanları ilə gizli əlaqələr saxlaması, Azərbaycanda hakimiyyət dəyişikliyi ssenariləri üzərində çalışması, prezident institutunun ləğvi və 50 nəfərlik “Dövlət Şurası” adlı paralel idarəetmə strukturu yaratmaq cəhdləri araşdırılır. Bu məxfi siyahıda bəzi müxalifət təmsilçilərinin, xüsusilə Əli Kərimlinin adının hallandırıldığı iddia edilir.
İstintaqın gedişatı onu deməyə əsas verir ki, Mehdiyevin ətrafında formalaşmış gizli şəbəkə uzun illər ərzində ölkə daxilində siyasi proseslərə kənardan təsir göstərmək, Azərbaycanı yenidən Rusiyanın geosiyasi orbitinə qaytarmaq üçün aktiv şəkildə çalışıb. Ukrayna ilə müharibədən sonra Kremlin Cənubi Qafqazda yenidən möhkəmlənmək cəhdləri müşahidə olunur. Məhz bu proseslər fonunda Mehdiyev şəbəkəsinin fəallaşması, onun “köhnə komanda”sı və radikal müxalifətin müəyyən qruplarının yenidən hərəkətə keçməsi istintaqın diqqətindədir.
Millət vəkili Hikmət Babaoğlunun Musavat.com-a geniş şərhində bu təhlükənin miqyası daha aydın təsvir edilir.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbə və ərazi bütövlüyünü bərpa etməsi Rusiyadakı şovinist dairələri hələ də barışdırmayıb. Bu dairələr vaxtaşırı müxtəlif kanallar vasitəsilə Azərbaycana qarşı siyasi mesajlar ötürür, daxili sabitliyi pozmağa hesablanan təxribatçı addımlar atmağa çalışırlar. Son aylarda İmişlidə baş verən olaylar, Bakıda SSRİ bayrağının qaldırılması kimi siyasi jestlərin arxasında da eyni mərkəzlərin dayandığı istisna edilmir:
“Bu prosesdə fəal iştirak edən siyasi çətir Ramiz Mehdiyevdir. Onun vaxtı ilə yaratdığı komanda və qondarma radikal müxalifətdir. Biz əgər azca keçmişə qayıtsaq, görərik ki, 2013-cü ildə dırnaqarası Milli Şura yaradılan zaman oraya Rusiyadan da bəzi insanlar və nüfuzlu şəxslər də daxil edildi. Sən demə, bunların arxasında duran radikal koordinator elə Ramiz Mehdiyev olub.
Əgər biz legitim hakimiyyəti qəsb edərək, Azərbaycanı yenidən Rusiyanın vassalına çevirmək istəyən radikal qruplaşmaları zərərsizləşdirməsək, sabah gec ola bilər. Ona görə də hüquq-mühafizə orqanlarının atdığı addımlar əslində Azərbaycanın müstəqilliyini, tarixi zəfərimizi ürəkdən bəyənən və bunun üçün mübarizə aparan Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial sifarişidir. Bu sosial sifariş hüquqi zəmində möhkəmləndirilməlidir və bu cür xəyanaətkar ünsürlər – Əli Kərimlilər, Cəmil Həsənlilər, Ramiz Mehdiyevlər bütövlükdə öz komanadaları ilə birlikdə Azərbaycanın siyasi sistemindən birdəfəlik təmizlənməlidirlər. Əks təqdirdə, biz sabah fərqli bir gerçəkliklə üz-üzə qala bilərik. Ona görə də bu gün atılan addımlar qətiyyətlidir və dəstəkləyirik. Bu, Azərbaycan xalqının ictimai şüurunun, milli maraqlarının sifarişidir”.
Babaoğlunun fikrincə, bu prosesdə Ramiz Mehdiyev və onun illərlə formalaşdırdığı siyasi-ideoloji şəbəkə əsas icraçılardandır.
Mehdiyevin “qondarma radikal müxalifət” adlandırdığı struktur – AXCP, Milli Şura və digər dağıdıcı qruplaşmalar – keçmişdə də bir neçə dəfə hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş cəhdlərin iştirakçıları olublar. 2013-cü ildə Milli Şuranın yaradılması zamanı Rusiyadan müəyyən şəxslərin prosesə cəlb edilməsi, həmin il hakimiyyət dəyişikliyi məqsədilə həyata keçirilən uğursuz plan və sonrakı illərdə baş verən koordinatorluq əlaqələri indi istintaq məlumatları ilə daha aydın görünür.
“Ramiz Mehdiyev həmin dövrdə AXCP və Milli Şuranın əsas siyasi rəhbərlik mərkəzi rolunu oynayıb. Radikal qrupların müxtəlif dövrlərdə dövlət obyektlərinə hücum cəhdləri, Milli Məclisə qarşı təşkil olunan təxribatlar, ölkənin təhlükəsizlik maraqlarına zidd çağırışlar Mehdiyev–Kərimli xəttinin uzun illərdir davam etdirdiyi paralel siyasi koordinasiyanın elementləridir. Azərbaycan siyasi sistemi bu dağıdıcı yükdən azad edilməsə, gələcəkdə daha ciddi təhlükələrlə üzləşmək mümkündür. Bu baxımdan hüquq-mühafizə orqanlarının son addımları cəmiyyət tərəfindən təhlükəsizlik tələbi kimi qəbul edilir. Azərbaycan xalqının əksəriyyəti bu proseslərin arxasında dayanan xəyanətkar şəbəkənin ifşa olunmasını və ölkənin siyasi sistemindən birdəfəlik uzaqlaşdırılmasını sosial sifariş kimi görür.
Dövlətin müstəqilliyini, Qarabağ zəfərinin nəticələrini və ölkənin strateji istiqamətini hədəfə alan bu cür qrupların neytrallaşdırılması milli təhlükəsizlik baxımından qaçılmaz addım hesab olunur”, – deputat vurğulayıb.

