“Ulu Öndərin hakimiyyəti dövründə də mətbuat Ramiz Mehdiyevin bir sıra şəxsləri ətrafına yığaraq, hakimiyyət sevdası barədə müzakirə apardığını yazdı. Həmin vaxt Ramiz Mehdiyev ona biət edənlərin bir qismini qurban verərək, sudan quru çıxa bildi”.
Editor.az xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.
“Ətrafına yığdığı deputatlar, elm adamları vasitəsilə özünü “ideoloq”, “siyasətçi”, “dövlət adamı”, “filosof” kimi təqdim etməyə çalıssa da, Ramiz Mehdiyev heç vaxt buna nail ola bilmədi. O, sadəcə icraçı, bürokrat, kitablarını 3-5 alimə yazdıran kopiyabaz, Makiavellidən əzbərlədiyi 3-4 cümlə ilə göz boyamağa çalışan diletant, Rusiyadan gələn zənglərlə özünü xoşbəxt hiss edən emissar idi.
Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, tələlərdən, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O, özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş edib. Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb. Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman-zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb”, – məlumatda bildirilib.

