Ramiz Mehdiyev işi dərinləşir: Əli Kərimli və Gültəkin Hacıbəyli ilə bağlı YENİ DETALLARbackend

Ramiz Mehdiyev işi dərinləşir: Əli Kərimli və Gültəkin Hacıbəyli ilə bağlı YENİ DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə aparılan istintaq tədbirləri siyasi gündəmin əsas müzakirə mövzusuna çevrilib. AXCP sədri Əli Kərimlinin saxlanılması və evində aparılan axtarışlar, habelə Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya edilərək Bakıya gətirilməsi prosesin miqyasının geniş olduğunu göstərir. Rəsmi orqanlar bu addımları Ramiz Mehdiyevin adı keçən cinayət işi ilə əlaqələndirsə də, ictimaiyyət arasında hadisələrin mahiyyəti, mümkün motivləri və siyasi nəticələri ilə bağlı müxtəlif suallar yaranıb. İstintaqın paralel şəkildə bir neçə tanınmış siyasi fiqura şamil olunması diqqəti xüsusilə cəlb edir və məsələnin strateji əhəmiyyət daşıdığı barədə mülahizələri artırır. Yaşanan proseslər fonunda həm cəmiyyət, həm də ekspert çevrələri bu istintaqın istiqaməti və mümkün hüquqi-siyasi nəticələri ilə bağlı aydınlıq axtarır.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin fəaliyyətinə dair müxtəlif iddialar uzun illərdir mediada geniş müzakirə olunurdu:

“Ramiz Mehdiyevin prezident administrasiyasına rəhbərlik etdiyi dövrdən başlayaraq, onun müəyyən dairələrlə əlaqələri barədə kifayət qədər məlumatlar yayılırdı. Son günlər ortaya çıxan faktlar AXCP sədri Əli Kərimli və Milli Şuranın bəzi üzvləri, o cümlədən Gültəkin Hacıbəyli ilə əlaqələrin üzə çıxması  ictimai rezonansa səbəb oldu. Bu şəxslərin Azərbaycanda dövlət çevrilişi cəhdinə dair iddialarla birgə fəaliyyət göstərməsi cəmiyyət arasında ciddi narahatlıq yaradıb. Tarix boyu müxtəlif ölkələrdə buna bənzər hallara rast gəlinib: hakimiyyətdə olan bəzi şəxslər şəxsi ambisiyalarını reallaşdırmaq üçün müxalif qüvvələrlə əməkdaşlıq edib və nəticədə destruktiv proseslərə yol açıblar. Azərbaycan isə müstəqilliyini bərpa etdiyi gündən etibarən dövlət çevrilişi təşəbbüsləri və xarici qüvvələrin müdaxilə cəhdləri ilə üzləşib”.

Deputat qeyd edib ki, istintaq işinin miqyası və ciddiliyi bəzi məqamları aydın göstərir:

“Hazırda məhkəmə Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib. Əli Kərimli və Gültəkin Hacıbəyli istintaqa cəlb olunublar. Dövlət Təhlükəsizliyi Xidməti uzun illərdir ölkənin təhlükəsizliyini təmin edən peşəkar qurumdur. Bu o deməkdir ki, DTX-nin əlində hər üç şəxs barəsində təkzibolunmaz materiallar var. Əgər kimsə, istər Ramiz Mehdiyev, istər Əli Kərimli, istərsə də Gültəkin Hacıbəyli  dövlətə və müstəqilliyə qarşı fəaliyyət göstəribsə, onun kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməsi qaçılmazdır”.

//Gülnarə Abasova, Editor.az